Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda

Tədbirlər
01 iyun 2023 | 17:58   
Paylaşın:        

İyunun 1-də Bakıda Azərbaycan Respublikası Milli Məclisinin, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) və MDB PA-nın Assambleya Şurası Katibliyinin Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” mövzusunda keçirilən beynəlxalq konfransa MDB PA DİMBİ-nin Bakı filialının direktoru Ramin Rzayev moderatorluq edib. O, konfransı açaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya və MDB PA-nın Assambleya Şurasının və Şura Katibliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Ramin Rzayev tədbir iştirakçılarına Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlama nitqini çatdırmaq üçün sözü Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova təqdim edib.

Salamlama nitqində Milli Məclisin spikeri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq konfransın mövzusunun indiki dövrün çağırışları şəraitində aktuallığını və vacibliyini vurğulayıb.

Xalqımızın milli sərvəti olan multikulturalizm ənənələrinin Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasəti səviyyəsinə qaldırıldığını diqqətə çatdıran spiker Sahibə Qafarova Ulu Öndərin Azərbaycanın tolerantlığının qorunub saxlanması istiqamətində fəaliyyətindən söz açıb.

Heydər Əliyev hesab edirdi ki, dövlətin möhkəmliyi onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyə qadir olan ideologiyanın mövcudluğundan çox asılıdır. Bu məqsədlə o, ölkənin bütün xalqlarının və etnik qruplarının nümayəndələrinin ümumdövlət mənafeləri naminə sıx birləşməsinə zəmin yaradan azərbaycançılıq amalını milli dövlətçilik ideologiyasının aparıcı istiqamətinə çevirdi. Məhz bu amal çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini yeni tarixi şəraitdə davam etdirməyə imkan verdi.

Müraciətində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət siyasətinin bu gün bütün sahələrdə uğurla davam etdirildiyini bildirən Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş tədbirlər sayəsində ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanındığını vurğulayıb. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır. Bildirilib ki, Azərbaycanda yaşayan xalqların birliyi və həmrəyliyi 2020-ci ilin payızında aparılan 44 günlük Vətən müharibəsində də öz parlaq təcəssümünü tapdı. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına ölkəmizdə yaşayan bütün millətlərin və etnik qrupların nümayəndələri öz töhfələrini verdilər və bu gün də onlar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında birlikdə iştirak edirlər.

Bu mötəbər toplantının multikulturalizmin qorunması və inkişaf etdirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin irsinin və Azərbaycanın müasir təcrübəsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətini vurğulayan Milli Məclisin sədri Sahibə Qafarova konfransın işinə uğurlar arzulayıb.

Sonra Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, MDB PA Şurasının sədri Valentina Matvienkonun və MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Kobitskinin salamlama nitqlərini tədbir iştirakçılarına çatdırıb.

Müraciətlərdə Heydər Əliyevin liderlik keyfiyyətlərinin, uzaqgörən siyasətinin və böyük şəxsiyyətinin həm sovet dövründə, həm də Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərdiyi qeyd olunur, Ulu Öndərin siyasi iradəsi nəticəsində Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin hüquqi və siyasi müstəvidə yenidən bərpa edilməsi vurğulanır.

Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov, Əminə Ağazadə, Rauf Əliyev, Elşad Mirbəşir oğlu, MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Muşket, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Kazbek Taysayev, Özbəkistan Ali Məclisi Senatının üzvü Manzura Salimova, Qazaxıstan Parlamenti Məclisinin deputatı Oljas Kuspekov, Belarus Milli Məclisinin Respublika Şurasının üzvü Oleq Romanov, MDB PA DİMBİ Bişkek filialının direktoru İslambek Mursabekov, Tacikistan Ali Məclisindən Camşid Murtazozoda, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Bakı Slavyan Universitetinin kafedra müdiri Naidə Məmmədxanova, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov çıxış ediblər. Çıxış edənlər Heydər Əliyevin öz uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşan çoxmədəniyyətlilik və tolerantlıq ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə yüksəlməsindən söz açıblar, onun multikulturalizm və tolerantlıq siyasətindən, milli-mənəvi və əxlaqi dəyərlərin qorunmasına həssas münasibətindən bəhs ediblər, Ulu Öndərin həyatı, dövlət xadimi kimi fəaliyyəti haqqında fikirlərini bölüşüblər, Ulu Öndərin siyasi irsinin və təcrübəsinin MDB ölkələri və dünya üçün əhəmiyyətini vurğulayıblar.

Konfransın sonunda “Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev – 100 il” mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Beynəlxalq konfransda Milli Məclisinin deputatları Anatoliy Rafailov, Arzu Nağıyev, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya parlamentlərinin nümayəndələri, TÜRKPA-nın, MDB PA-nın məsul şəxsləri, bir sıra səfirliklərin, müxtəlif nazirlik və qurumlarının təmsilçiləri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU