Milli Məclisdə həmməruzəçilərlə görüş

Tədbirlər
05 iyun 2023 | 15:48   
Paylaşın:        

İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ASPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.

Görüşdə regiondakı mövcud vəziyyət barədə danışan Səməd Seyidov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra erməni qəsbkarlarının işğalından azad edilmiş ərazilərin yenidən bərpası, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün irimiqyaslı layihələr həyata keçirir. Komitə sədri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə əngəl törədir. O, məcburi köçkünlərin təhlükəsiz qayıdışının və minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin əhəmiyyətini vurğulayıb.

Səməd Seyidov Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri və əməli addımları, müvafiq etimad quruculuğu tədbirləri barədə həmməruzəçilərə məlumat verib.

Sonra görüşdə deputatlar Asim Mollazadə, Əziz Ələkbərov, Erkin Qədirli, Kamal Cəfərov, Sevinc Fətəliyeva və Nigar Arpadarai çıxış edərək bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının önəmindən söz açıblar.

ASPA-nın Monitorinq komitəsinin həmməruzəçisi Yan Lidel-Qreynger (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) Azərbaycana səfərləri və keçirilən görüşləri barədə danışıblar. Onlar regional əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı onları maraqlandıran məsələlər barədə suallarını ünvanlayıblar.

Deputatlar həmməruzəçiləri maraqlandıran məsələlərə aydınlıq gətiriblər, onların suallarını cavablandırıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi sülh beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Qonaqlara azərbaycanlıların Ermənistandan qovulması və deportasiyası barədə məlumat verilib, onların hüquqlarının təmin edilməsinə beynəlxalq dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU