İsrail Knessetinin nümayəndə heyəti ilə görüşdə
İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Səməd Seyidov onları Milli Məclisdə görməkdən məmnun olduqlarını bildirib. Komitə sədri ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə yüksələn xətt üzrə inkişaf edən əlaqələrdən söz açıb. O, bildirib ki, İsrail Prezidentinin bu yaxınlarda Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü əməkdaşlığımızın inkişafına yeni impulslar verib. Həmçinin Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.
Görüşdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov, Sevinc Fətəliyeva, Nigar Arpadarai xalqlarımızın səmimi dostluğundan, ticari-iqtisadi əlaqələrdən söz acıblar, yəhudilərin ölkəmizdə qardaşlıq münasibətində yaşadıqlarını vurğulayıblar. Bu əməkdaşlığın inkişaf etdirilməsi və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra görüşdə İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteyn ölkəmizə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimizin dostluğundan söhbət açıb. Qonaq parlamentlərarası münasibətlərin gücləndirilməsi, dostluq qrupları arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə Xarici əlaqələr və müdafiə komitəsinin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner, Xarici əlaqələr və müdafiə komitəsinin üzvü Ram Ben Barak, İsrailin ölkəmizdəki səfiri Corc Dik və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi