İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
07 iyun 2023 | 18:24   
Paylaşın:        

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib.

İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 5 məsələ daxil edilib. Komitə sədri bildirib ki, onlardan ilk 3 məsələ 2023-cü ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə, 4-cü məsələ 2022-ci ilin dövlət büdcəsinin icrası ilə, sonuncu məsələ isə Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır.

Gündəliyin təsdiqindən sonra iclasda birinci 3 məsələnin - “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrin təqdimatları və müzakirəsi birgə keçirilib.

Qanun layihələri barədə fikirlərini açıqlayan Tahir Mirkişili 2023-cü ildə dünyada iqtisadi proqnozlarda baş verən dəyişikliklərdən danışıb. Dünya iqtisadi proqnozlarında iqtisadi artım templərinin zəifləməsi tendensiyasından söz açan komitə sədri dövlətlərin sərt monetar və fiskal siyasət yürütmək, uçot dərəcələrini qaldırmaq məcburiyyətində qalmalarını qeyd edib. Sərt monetar və fiskal siyasətin ÜDM-ə, iqtisadi artım templərinə təsirlərindən danışan komitə sədri 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyini bildirib. Lakin bütün bunların fonunda baxılan dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Komitə sədri vurğulayıb ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov büdcə gəlirlərindəki artımların strukturu barədə məlumat verib və xərclərdəki dəyişiklikləri şərh edib. Nazir müavini son dürüstləşdirmələr və aparılan korrektələr barədə danışaraq, bildirib ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 780,5 milyon manat, xərcləri isə 36 milyard 569,8 milyon manat təşkil edəcək. Azər Bayramov bildirib ki, bu dəyişikliklər büdcə qaydasının tələbləri üzrə müəyyən edilmiş yuxarı həddə təsir etməyəcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda sosial iqtisadi inkişaf, makroiqtisadi proqnozlar və inflyasiya ilə bağlı danışaraq bildirib ki, ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnozlaşdırmaya da təsirini göstərib. Qlobal iqtisadi və siyasi  böhranların proqnozlarda dəyişikliklərə gətirib çıxardığını deyən nazirin birinci müavini bütün bunların dünyada və Azərbaycanda inflyasiyanın artmasına təsir göstərdiyini vurğulayıb. Cari ildə ölkədə ÜDM-in real artım tempi 1,8 faiz, inflyasiya isə 10,4% proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozuna aydınlıq gətirən Elnur Əliyev idxal olunan inflyasiyanın azaldılması imkanları barədə fikirlərini bölüşüb.

Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyinin büdcədən kənar gəlir və xərclərinin formalaşması barədə şərh verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata yaxın təşkil edəcək. Bu əlavə tələb olunan 4 milyon manat vəsait fondun büdcəsinin əvvəlki ildə istifadə olunmamış qalığından maliyyələşəcək.

Sosial müavinətlərlə bağlı dəyişikliklərin strukturunu açıqlayan nazir müavini İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılması barədə də məlumat verib. O bildirib ki, artım İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. Təklif olunan dəyişikliklər haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması, məşğulluğun təmini tədbirlərinin həyata keçirilməsi istiqamətində xərclərin artımları üçün nəzərdə tutulur.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü ilin dövlət büdcəsinin layihəsinin birinci və ikinci oxunuşu arasında edilən müəyyən dəyişikliklərin palatanın əvvəlki rəyinə təsir etmədiyini bildirib.

Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev Büdcə xərclərinin planlaşdırılması,  Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) ilə bağlı islahatların bəzi məqamlarını, aktual məsələlərini diqqətə çatdırıb.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Əli Məsimli, komitə üzləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə,  Elnur Allahverdiyev,  Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış ediblər sənədlərdəki dəyişiklikləri müsbət qiymətləndiriblər. Təklif olunan dürüstləşdirmədə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinin, Böyük Qayıdış Proqramının icrasının, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasının prioritetdə saxlanılmasını təqdirlə qarşılayıblar. Deputatlar büdcə gəlirlərinin artımında dayanıqlığın təmini üçün qeyri-neft sektorunun potensial imkanlarından istifadənin əhəmiyyətindən danışıblar, idxal olunan inflyasiyanın azaldılması, əməkhaqqılarının artırılması, regionlarda işsizlik probleminin həlli  ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.

Komitə sədri Tahir Mirkişili, maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev səslənən fikirlərə münasibətlərini bildiriblər, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Hər üç qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, 4-cü məsələ olan  “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşdadır və layihəni səsverməyə təqdim edib.

Sənəd üçüncü oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Komitə sədri 5-ci məsələnin - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) "Tullantılar haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Qeyd edib ki, layihəyə görə, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı tutulacaq.

Sənəd ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU