AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 mart 2013 | 03:03   
Paylaşın:        

 Martın 15-də Milli Məclisin  Aqrar  siyasət  komitəsinin növbəti  iclası  keçirildi.  İclasda “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olundu.
Komitə sədri Eldar İbrahimov qanun layihəsi barədə ətraflı məlumat verərək  bildirdi ki, bu sənəd heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasına, yoluxucu heyvan xəstəliklərinin və heyvan mənşəli təhlükəli məhsulların ölkəyə daxil olmasının qarşısının alınmasına, həmçinin baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Parlamentin İqtisadi  qanunvericilik  şöbəsinin  müdir müavini, Aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov  sənədin əhəmiyyəti barədə  danışdı. Qeyd  edildi ki,  Azərbaycanda  baytarlıq  xidməti və bu  sahəyə nəzarət  dövlətin diqqət  mərkəzindədir.  2013-cü il fevralın 8-də  Bakı şəhərində imzalanan bu  sənəd  də  baytarlığın inkişafında  dəyərli  rol oynayacaq. Layihəyə əsasən, heyvanların və heyvan mənşəli məhsulların idxalı, tranziti yalnız məcburi baytarlıq-sanitariya tələbləri yerinə yetirildikdən sonra həyata keçiriləcəkdir. İdxal  edən ölkənin, eləcə də  yükün dövlət ərazisindən tranzitlə keçəcəyi ölkənin səlahiyyətli orqanlarının razılığı da  tələb  olunacaq. Bunun  üçün hər iki tərəfin səlahiyyətli orqanı yükləri Azərbaycan və Serbiyaya müşayiət edəcək beynəlxalq baytarlıq sertifikatının nümunələrini mübadilə etməli və hər hansı dəyişikliklər haqqında bir-birini xəbərdar etməlidirlər.
Müzakirələrdən  sonra  sənədin Milli Məclisin plenar  sessiyasının  gündəliyinə çıxarılması  məqsəduyğun  hesab  edildi.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU