Milli Məclisin növbədənkənar sessiyasının iclasında
İyunun 9-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.
Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Aydın Mirzəzadə, Elman Nəsirov, Müşfiq Məmmədli və Etibar Əliyev çıxış ediblər.
Çıxışlarda onlar bildiriblər ki, 1993-cü il iyunun 9-da görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlmişdir. Bununla da Azərbaycanın Milli Qurtuluşunun başlandığını deyən deputatlar bu günün və qarşıdan gələn 15 iyun Milli Qurtuluş Gününün milli tariximizdəki rolundan, Azərbaycan dövlətçiliyinin xilasında və möhkəmləndirilməsində əhəmiyyətindən bəhs ediblər.
Milli Məclisin üzvləri çıxışlarında, həmçinin Ermənistanın Naxçıvanla həmsərhəd ərazisində iri metallurgiya zavodu inşa etməsinin regionun ekologiyasına və təhlükəsizliyini ciddi təhdidlər doğurmasından, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalamasından danışıblar, seçiciləri maraqlandıran məsələlər və gündəmdə olan bəzi aktual mövzularla bağlı fikirlərini bölüşüblər.
Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 41 məsələ müzakirə ediləcək. Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu (ikinci səsvermə) layihəsidir. Spiker qeyd edib ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə 6 ay öncə birinci səsvermədə münasibət bildirilib, indi isə ikinci səsverməyə təqdim olunur.
Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bu konstitusiya qanunu layihəsində beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alındığını qeyd edərək sənədin parlamentdə üç oxunuşda geniş müzakirələrdən keçdiyini bildirib və müzakirələrdə deputatların irəli sürdüyü təkliflərin nəzərə alınması ilə bağlı məlumat verib.
Komitə sədri Hicran Hüseynovanın və deputat Azay Quliyevin məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqındadır. O, qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb qəbul ediləcək.
Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Spiker məsələ ilə bağlı məlumat vermək üçün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verib.
Komitə sədri bildirib ki, müzakirəyə təqdim olunan saziş 11 aprel 2023-cü il tarixində Bakı şəhərində imzalanıb. Saziş fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın, fəlakətlər zamanı isə qarşılıqlı yardımın könüllü təmin olunması məqsədilə hazırlanıb. Diqqətə çatdırılıb ki, bu əməkdaşlıq fəlakətlərdən mühafizə sahəsində elmi və texniki mübadilə, bu sahədə fəaliyyət göstərən şəxsi heyətin peşəkarlığının, mühafizə və xilasetmə avadanlıqları ilə təchizatının inkişaf etdirilməsi, fəlakətlər zamanı xəbərdarlıq, həmçinin mühafizə, xilasetmə və onların nəticələrinin aradan qaldırılması kimi sahələri əhatə edir.
Ziyafət Əsgərov qeyd edib ki, tərəflər bu saziş çərçivəsində müəyyən tapşırıqların həyata keçirilməsi üçün sazişlə müəyyən olunmuş səlahiyyətli qurumların nümayəndələrindən ibarət Birgə Daimi Komissiya yaradırlar. Tərəflər arasında yarana biləcək fikir ayrılıqlarının həlli, sənədin qüvvəyə minməsi, ona ediləcək düzəliş və əlavələrin aparılması prosedurları barədə məlumat verən Ziyafət Əsgərov vurğulayıb ki, saziş Azərbaycan dövlətinin və xalqının milli maraqlarına uyğundur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öz növbəsində rəhbərlik etdiyi komitənin sazişə müsbət rəy verdiyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra spiker Sahibə Qafarova “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim edib və məsələyə dair məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin region üçün əhəmiyyətindən danışan komitə sədri Tahir Mirkişili bildirib ki, son 5 ildə bu dəmir yolu xətti ilə 1 milyon 500 min tona yaxın yük daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolunun, bütövlükdə Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı müasir çağırışlardan danışan komitə sədri bu istiqamətdə gömrük çağırışlarının sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tahir Mirkişili müzakirəyə çıxarılan sazişin məqsədinin tərəflərin dövlətlərinin ərazilərindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması və beynəlxalq yükdaşımaların sürətləndirilməsi olduğunu bildirib və sənəddə bu istiqamətdə tərəflər arasında qurulan əməkdaşlıq şərtləri barədə məlumat verib.
Spiker Sahibə Qafarova bildirib ki, layihəyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də baxılıb və sənədlə bağlı komitənin rəyini təqdim etmək üçün komitə sədri Səməd Seyidova söz verib.
Komitə sədri Səməd Seyidov sazişin tarixi əhəmiyyətini vurğulayaraq onun Orta Dəhliz çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığı yeni mərhələyə çıxardığını deyib. Sazişi bu istiqamətdə ilkin addım kimi dəyərləndirən Səməd Seyidov bildirib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu layihə daha da genişlənəcək və Azərbaycanın geosiyasi mövqeyini tamamilə yeni bir mərhələyə yüksəldəcək.
Komitə sədri Ziyafət Əsgərov, deputatlar Tahir Kərimli, Sabir Rüstəmxanlı layihə ilə bağlı fikirlərini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir və növbəti – dördüncü məsələ ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimliyə təqdim edib.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşu ilə bağlı məlumat verən komitə sədrinin müavini Əli Məsimli qeyd edib ki, layihədə təklif olunan dəyişikliklərin mahiyyəti, məqamları və üstünlükləri barəsində əvvəlki oxunuşlarda ətraflı danışılıb. O, bildirib ki, layihə ilə əlaqədar komitə üzvlərinin 9 təklifi olub və onlar qanun layihəsi təşəbbüskarı subyektinə göndərilib. Bu təkliflərin 5-i qəbul olunub. Əli Məsimli deputatlara qanun layihəsində öz əksini tapan həmin 5 dəyişik barədə məlumat verib. O, vurğulayıb ki, qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsidir.
Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin beşinci məsələsi olan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. Qeyd olunub ki, layihə ədalət mühakiməsi prosesini sürətləndirmək məqsədilə dövlət tərəfindən əhalinin az təminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin dövlət hesabına peşəkar hüquqi yardım almaq imkanlarının daha da genişləndirir.
Bəhruz Məhərrəmov cənab Prezidentin siyasi iradəsi ilə irəli sürülən bu mütərəqqi dəyişikliyin hüquq ictimaiyyəti tərəfində rəğbətlə qarşılandığını diqqətə çatdırıb və onu “Heydər Əliyev İlində” Ulu Öndərin insan konsepsiyasına və insan hüquqlarının təminatına baxışına ən böyük töhfələrdən biri kimi dəyərləndirib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin altıncı məsələsi olan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov diqqətə çatdırıb. O, bildirib ki, təqdim edilən mətndə yalnız bir texniki xarakterli dəyişiklik olub.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 5 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.
Spiker bildirib ki, gündəliyin 7-ci məsələsi - “Təhsil haqqında” Qanunda (üçüncü oxunuş), 8-ci məsələsi - “Elm haqqında” Qanunda (üçüncü oxunuş), 9-cu məsələsi - “Peşə təhsili haqqında” Qanunda (üçüncü oxunuş), 10-cu məsələsi - Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda (üçüncü oxunuş) və 11-ci məsələsi - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir. Sahibə Qafarova təklif edib ki, əvvəlcə qanun layihələri ilə bağlı təqdimatlar dinlənilsin, sonra isə müzakirələr aparılsın. Spiker 7-ci, 8-ci və 9-cu məsələlərə Elm və təhsil komitəsində baxıldığını söyləyib. Qanun layihələri ilə bağlı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib.
Komitə sədri qanun layihələrinin plenar iclasda ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bəzi məsələlər dair səsləndirilən fikirlərdən söz açıb. Sənədlərin komitədə üçüncü oxunuşda müzakirəsi zamanı həmin qaldırılan məsələlərin müzakirə edildiyini diqqətə çatdıran Bəxtiyar Əliyev onlara aydınlıq gətirib. Komitə sədri müəllimlərin sertifikasiyadan keçirilməsi, yeni ixtisasların açılması kimi bəzi məqamların qanunvericilikdə tənzimləmələri barədə məlumat verib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin 10-cu məsələsi - Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklərin əsas məqsədi təhsilverənlərin sertifikatlaşdırılmasının hüquqi əsaslarının genişləndirilməsi və onların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasından ibarətdir və layihənin mətnində heç bir dəyişiklik edilməyib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.
Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bundan əvvəl təqdim edilən layihələrə uyğunlaşdırma xarakteri daşıyan 11-ci məsələ - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, sənəddə heç bir dəyişiklik aparılmayıb və olduğu kim i səsə qoyulmasını xahiş edib.
Spiker diqqətə çatdırıb ki, qanun layihəsinə 4 komitədə də baxılıb. Beləliklə, sənəd barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əziz Ələkbərov Mədəniyyət komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.
Deputat Tahir Kərimlinin fikirləri dinlənildikdən sonra üçüncü oxunuşda təqdim olunan bu 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra növbəti 3 məsələnin ikinci oxunuşda olan qanun layihələri olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova on ikinci məsələ ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.
“Kosmik fəaliyyət haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, sənədlə bağlı birinci oxunuşda geniş məlumat verilib. Kosmik sənayenin Azərbaycan üçün önəm daşımasından söz açan Tahir Mirkişili bildirib ki, 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. O, vurğulayıb ki, hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir. Qanun layihəsinin 6 fəsil 24 maddədən ibarət olduğunu söyləyən komitə sədri birinci oxunuşdan sonra sənəddə heç bir dəyişiklik aparılmadığını bildirib.
Qanun layihəsinin müzakirəsində deputatlar Vüqar Bayramov və Fazil Mustafa çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər. Onların səsləndirdiyi fikirlərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbəti 13-cü məsələnin - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və 14-cü məsələnin - “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov bu məsələlər barədə məlumat verib. O, qanun layihələrində iki istiqamət üzrə dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.
Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması təklif olunur.
Qeyd olunub ki, hər iki sənəddə - Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələrdə işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının 2023-cü il mart ayının 1-dən 5 il müddətinə vergidən və gömrük rüsumlarından azad olunması təklif edilir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 15-ci məsələsindən başlayaraq növbəti 27 qanun layihəsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Spiker diqqətə çatdırıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin və nəzarətin təkmilləşdirilməsinə, maliyyə bazarlarının sabitliyinin təmin olunmasına və bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunmasına yönəlib. O, qanun layihələrinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki növbəti 20 məsələni - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş), “Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi (birinci oxunuş), “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “İnvestisiya fondları haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “İcbari sığortalar haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Auditor xidməti haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, təqdim olunan qanun layihələri Azərbaycan Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına uyğun olaraq hazırlanıb. Sərəncama əsasən Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilir. Sərəncamın 2.1-ci bəndində qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. O, qeyd edib ki, qanun layihələrinin hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunub, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri nəzərə alınıb.
Nəzərə çatdırılıb ki, qanun layihələrində bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunur. Dəyişikliklərin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyasının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır.
Tahir Mirkişili bildirib ki, təqdim olunmuş dəyişikliklərdə maliyyə bazarlarında tənzimləmə və nəzarət funksiyasının Mərkəzi Banka həvalə edilməsi ilə əlaqədar olaraq, qiymətlərin sabitliyinin təmin edilməsi ilə bağlı əsas məqsədinə xələl gətirmədən, qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyinin təmin edilməsi Mərkəzi Bankın məqsədinə aid edilir. O, digər dəyişikliklərin maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ilə bağlı olduğunu söyləyib.
Qeyd olunub ki, qanun layihələrində, habelə qanunvericilikdə publik hüquqi şəxslərə aid normaların bu barədə xüsusi qeyd olduğu halda Mərkəzi Banka şamil edilməsi, idarəetmə funksiyalarının icra edilməsində müstəqilliyin artırılması, Hesablama Palatasının auditinin Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə etməsinə dair düzəlişlər öz əksini tapıb.
Bununla yanaşı, sənədlərdə İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a artırılması, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublıkası üzrə ərazi idarənin rəhbərinin ölkə başçısının səlahiyyətli nümayəndəsi ilə razılaşdırılmaqla İdarə Heyəti tərəfindən təyin edilməsi, dövlət satınalmalarında istisnaların tətbiqi məsələləri müəyyənləşdirilib.
Bildirilib ki, layihələrdə yoxlamalarla bağlı bütün prosedurların “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanunla tənzimlənməsi, bəzi rəhbər şəxslər üçün attestasiya tələbinin aradan qaldırılması, nəzarət subyektlərinin yerli filial, şöbə və nümayəndəliklərinin açılması prosesinin sadələşdirillməsi ilə bağlı məqamlar, kreditlərin verilməsi məqsədi ilə ödəniş hesablarının açılması və aparılması, valyuta mübadiləsi fəaliyyətinin müstəsna fəaliyyət kimi həyata keçirilməsinin müəyyən edilməsi və bu fəaliyyətə lisenziya alan şəxslərin dairəsinin dəqiqləşdirilməsi və bir sıra digər məsələlər təsbit olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov digər 6 məsələ barədə məlumat verib. O, Mülki Məcəllədə uyğunlaşdırma xarakteri dəyişikliklərin nəzərdə tutulduğunu deyib.
Deputat bildirib ki, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözlərinin "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilməsi təklif edilir. O, qeyd edib ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsinin yeni iqtisadi metodlarla təqib edilməsi təklif edilir ki, bununla əlaqədar olaraq Məcəllədə olan sanksiyalar ləğv edilir. Bundan başqa, "Kredit büroları haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, təqvim ili ərzində 100000 manatdan çox məbləğdə nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən borcalanları barədə məlumatların kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati xətanın müəyyənləşdirilməsi təklif olunur.
Nurlan Həsənov “Publik hüquqi şəxslər haqqında” Qanunda dəqiqləşdirmə xarakteri dəyişikliklərin aparıldığı deyib. Belə ki, qanuna edilən əlavəyə əsasən, bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunla tənzimlənməyən hissələrdə tətbiq edilir. Digər hüquqi aktlarda publik hüquqi şəxslərə aid müddəalar Mərkəzi Banka o halda şamil olunur ki, həmin hüquqi aktlarda bu barədə xüsusi qeyd edilsin.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklə bağlı bildirilib ki, qanunun 15-ci maddəsində kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsi müəyyən olunub. Bu subyektlərin dairəsinə müvafiq kommersiya hüquqi şəxslərə lisenziyanın verilməsi və nəzarətin həyata keçirilməsi, habelə onların qeydiyyatının aparılması məqsədilə Mərkəzi Bankın əlavə edilməsi təklif olunur. Bundan başqa, layihədə dəqiqləşdirmə xarakterli dəyişiklik də öz əksini tapıb.
Deputat “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “İcra haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. O, bildirib ki, qanunun 2.1-ci maddəsinə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilir. Sənəd ölkə Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli müvafiq Sərəncamının icrası məqsədilə hazırlanıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edilən son 7 qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Sonra komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Tahir Kərimli, Məlahət İbrahimqızı, Azay Quliyev, Etibar Əliyev, Vahid Əhmədov öz fikirlərini və bəzi qeydlərini səsləndiriblər.
Müzakirələrin yekununda gündəliyin son 27 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi