Vitse-spiker Adil Əliyev Qahirədə Ərəb Parlamentinin sədri ilə görüşüb
Xəbər verdiyimiz kimi, Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 10-da Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.
Görüş zamanı Adil Əliyev bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən söz açıb, bununla əlaqədar ölkə daxilində və xaricdə müxtəlif mədəni-kütləvi tədbirlər keçirildiyini bildirib. Misirin paytaxtında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq kikboksinq yarışının keçirilməsini yüksək dəyərləndirən vitse-spiker ölkəmizin bu gün Heydər Əliyev siyasətini və ideyalarını layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etməsindən danışıb.
Adil Əliyev ərəb ölkələrinin Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib, Milli Məclis ilə Ərəb Dövlətləri Liqasının qanunvericilik orqanı olan Ərəb Parlamenti arasındakı əlaqələrdən bəhs edib, Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq parlament təşkilatlarında ərəb ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Ərəb Parlamentinin sədri Abdul Rahman Əl-Asumi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. O, cari ilin may ayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Milli Məclisin xüsusi iclasında iştirakını və iclasda çıxışını, səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Söhbətdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Elxan Poluxov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi