Milli Məclisdə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda dinləmə keçirilib
İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbiri açan Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dövlət və ictimai qurumların geniş tərkibdə təmsilçiliyi ilə Qərbi Azərbaycanla bağlı ictimai dinləmənin Milli Məclisdə keçirilməsini mövzuya yüksək münasibətin ifadəsi kimi dəyərləndirib və tədbirin təşkilinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib.
Mədəniyyət komitəsinin sədri Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna necə həssas yanaşmasından söz açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməsi cəmiyyətimizdə bu mövzuya konseptual baxış, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.
Qənirə Paşayeva qeyd edib ki, tarixi-mədəni hüdudlarımız respublikamızın sərhədləri ilə bitmir, Ermənistan Respublikası indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə qarşı törətdiyi soyqırımın bədəlini ödəyəcək, tarix, insanlıq və hüquq qarşısında cavab verəcək.
Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələyə – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, bu tarixi torpaqlarımızdakı maddi və mənəvi irsimiz uğrunda mübarizə mərhələsinə start verilib.
Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, toponimlərimizin, coğrafi adlarımızın, xalqımızın folklor nümunələrinin öyrənilməsi və təbliğinin hər bir azərbaycanlının borcu olduğunu deyən Əziz Ələkbərov bu istiqamətdə görüləcək işlərlə bağlı fikirlərini bölüşüb, dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb. O vurğulayıb ki, indiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına xalqımızın qayıdışı tam gerçəkləşənə qədər mübarizə davam edəcək.
Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqalları Şurasının sədri Əhliman Əmiraslanov qədim türk yurdu Qərbi Azərbaycan və həmin regionda əsarətdə olan mədəni-tarixi abidələrimiz haqqında fikirlərini bölüşərək cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı daxili, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdiyini diqqətə çatdırıb. Əhliman Əmiraslanov Qərbi Azərbaycana Qayıdış və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmaq və onun tanıdılması ilə bağlı fikirlərini bildirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qərbi Azərbaycan həqiqətlərinin daxildə, xaricdə və beynəlxalq təşkilatlarda tanıdılması, Qərbi Azərbaycanla bağlı məlumatların dərsliklərdə və yeni nəşr olunan kitablarda öz əksini tapması və digər görüləcək işlərlə bağlı fikirlərini səsləndirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ermənistandakı Azərbaycan mədəni irsinin planlı şəkildə məhv edilməsindən və mənimsənilməsindən söz açaraq Qərbi Azərbaycan irsinin araşdırılması və dünyaya tanıdılması fəaliyyətinin istiqamətləri barədə danışıb.
Dinləmədə deputatlar Fazil Mustafa, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məlahət İbrahimqızı, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Real TV-nin baş direktoru Mir Şahin Ağayev, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Şadlinski, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, “Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırıma məruz qalması, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.
Dinləmədə Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva, Naqif Həmzəyev, Ramil Həsən, Səbinə Xasayeva, Şahin İsmayılov, Emin Hacıyev, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi