Vitse-spiker Adil Əliyev Mərakeşdə səfərdədir
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Kasablanka şəhərində Mərakeşin Boks Federasiyasının prezidenti Abdelkarim El Hilali və Taekvondo Federasiyasının prezidenti Driss El-Hilali ilə görüşüb.
Görüşdə vitse-spiker Ümummilli Lider Heydər Əliyevin uğurlu idman siyasətindən, cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın uğurlu inkişaf mərhələsinə qədəm qoymasından bəhs edib. Bu gün Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşdiyini, idmançılarımızın beynəlxalq yarışlarda böyük uğurlar əldə etdiyini bildirən Adil Əliyev ölkəmizin dünyanın idman ölkələrindən birinə çevrildiyini və beynəlxalq olimpiya yarışlarına və digər nüfuzlu idman tədbirlərinə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Söhbətdə idmanla bağlı müxtəlif mövzular müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi