Özbəkistan nümayəndə heyəti ilə görüşdə
İyunun 13-də Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Bobur Usmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Eldar İbrahimov Azərbaycanın Özbəkistanla əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini deyib. Ölkələrimiz arasındakı tarixi, mənəvi bağlardan söz açan komissiya sədri dövlət başçılarımızın yüksək səviyyəli münasibətlərinin əməkdaşlığımızın müasir dövrdə dinamik inkişafına təkan verməsindən danışıb.
İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus roluna toxunan Eldar İbrahimov Milli Məclisin sədri Sahibə Qafarovanın keçən il Özbəkistana səfəri çərçivəsində Azərbaycan və Özbəkistan qanunverici orqanları arasında əməkdaşlıq haqqında sazişin və "Yol xəritəsi"nin imzalanmasını parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar yaratdığını bildirib.
Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində aparılan bərpa işlərində Özbəkistanın iştirakından bəhs edən Eldar İbrahimov Prezident Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzuli rayonunda böyük məktəbin tikintisini ölkələrimiz arasında qardaşlığın növbəti addımı kimi qiymətləndirib və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanların araşdırılmasından bəhs edib.
Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Elman Nəsirov və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Aydın Hüseynov, Anar Məmmədov, Özbəkistan Xarici İşlər Nazirliyinin idarə rəisi Cahongir Əminov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi