Vitse-spiker Adil Əliyev Tanzaniya Milli Assambleyasının sədri ilə görüşüb
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 13-də Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri xanım Tulia Akson ilə görüşüb.
Görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, habelə beynəlxalq parlament təsisatları çərçivəsində gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Adil Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Tanzaniya Birləşmiş Respublikası ilə ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasını məmnunluqla qeyd edib. Milli Məclis sədrinin müavini Azərbaycanın Hərəkata sədrliyi dövründə keçirilən mühüm toplantıların, Zirvə Görüşünün əhəmiyyətini qeyd etməklə yanaşı, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin fəaliyyəti barədə söz açıb, Şəbəkə çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Görüş zamanı Ermənistanın 30 illik təcavüzündən, Azərbaycanın postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə apardığı irimiqyaslı tikinti-bərpa və abadlıq-quruculuq işlərindən, qısa zamanda istifadəyə verilən iki beynəlxalq standartlara cavab verən hava limanının tikilərək istifadəyə verilməsindən bəhs edib.
Görüşdə Milli Məclisin deputatı Mahir Abbaszadə və ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi