Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb

Tədbirlər
16 iyun 2023 | 10:08   
Paylaşın:        

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri Fabakari Tombonq Catta ilə görüşüb.

Görüşdə parlamentlər arasında əməkdaşlığın inkişafı, dünyada mövcud vəziyyət barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşlərinin təşkilindən bəhs edilib.

Vitse-spiker Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş təcavüzü, erməni vandalizmi, 1 milyondan artıq insanımızın yurd-yuvalarından qovulması barədə spikerə geniş məlumat verib. İşğala son vermiş 44 günlük Vətən  müharibəsinin bitməsindən üç ilə yaxın vaxtın keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh müqaviləsini imzalamaqdan yayındğı diqqətə çatdırıb.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə Milli Məclisin deputatı Mahir Abbaszadə və Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU