Milli Məclisin iclasında

Plenar iclaslar
16 iyun 2023 | 18:21   
Paylaşın:        

İyunun 16-da Milli Məclisin spiker Sahibə Qafarovanın sədrliyi ilə 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

Əvvəlcə, iclasda cari məsələlərin müzakirəsi aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Fazil Mustafa, Musa Qasımlı, Naqif Həmzəyev, Tural Gəncəliyev, Vüqar Bayramov, Elman Nəsirov, Elşad Mirbəşir oğlu, Etibar Əliyev, Vahid Əhmədov çıxış edərək, son günlər Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını qətiyyətlə pisləyiblər. Bu təxribatlarla Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, sülh prosesinə maneçilik törətdiyini söyləyiblər. Millət vəkilləri Ermənistanın həm sərhəddə, həm də beynəlxalq təşkilatlar çərçivəsində destruktiv əməllərini qınadıqlarını bildiriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistanın hərbi təxribatlarına qarşı görülən adekvat cavab tədbirlərindən danışan deputatlar, sərhəddə baş verən bu hadisələrə görə məsuliyyətin Ermənistanın üzərində olduğunu qeyd ediblər.

Müzakirələr zamanı deputatlar Soltan Məmmədov və Ramin Məmmədov bu günlərdə Fransaya səfərləri, Fransa Milli Assambleyasında keçirdikləri görüşlərdən bəhs ediblər. Millət vəkilləri bildiriblər ki, görüşlərdə iki ölkə arasında münasibətlər, Fransanın Cənubi Qafqazla bağlı siyasəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində bu ölkənin mövqeyi ilə bağlı fikir mübadiləsi aparılıb. Deputatlar fransalı həmkarlarına 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar, ölkəmizin sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv münasibəti haqqında məlumat verdiklərini söyləyiblər. Qeyd edilib ki, görüşlərdə, həmçinin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışılıb.

Çıxışlarda seçiciləri narahat edən bir sıra məsələlər diqqətə çatdırılıb, digər aktual mövzulara toxunulub.

Sonra spiker Sahibə Qafarova bugünkü iclasda 13 məsələnin müzakirə ediləcəyini söyləyib. O, gündəliyin ilk 3 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, bu məsələlərin cari ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, məsələnin komitə iclasında üçüncü oxunuşda müzakirəsi zamanı layihə təşəbbüskarı tərəfindən bir sıra dəyişikliklər təklif edilib.

Komitə sədri diqqətə çatdırıb ki, yenilənmiş makroiqtisadi proqnozlar, o cümlədən neft qiyməti ilə bağlı gözləntilər, əmtəə bazarlarında qiymət dinamikaları və cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə büdcə daxilolmalarının əlavə olaraq 55 milyon manat əlavə dəyər vergisinin hesabına artırılmasını şərtləndirib. O, qeyd edib ki, hazırda Milli Məclisin müzakirəsinə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləğinin artırılması nərədə tutulur. Həmin dəyişikliklərə əsasən, cərimələri tətbiq edən dövlət orqanlarının büdcədənkənar gəlirlərinin və müvafiq olaraq büdcədənkənar xərclərinin artacağı, bununla yanaşı, bəzi büdcə təşkilatlarının (İqtisadiyyat Nazirliyi və Xüsusi Tibb Xidməti) büdcədənkənar gəlirlərində cari ilin sonuna  əlavə olaraq 56 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Tahir Mirkişili qanun layihəsinə təklif edilən dəyişiklər barədə bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin qeyri-neft daxilolmalarının əlavə olaraq 55 milyon manat artırılaraq 8 milyard 985 milyon manata çatdırılması, dövlət büdcəsinin büdcədənkənar gəlirlərinin 56 milyon manat artırılaraq 857 milyon manata çatdırılması, Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirlərinin 55 milyon manat əlavə daxilolması hesabına dövlət  büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün xəzinə qalığından nəzərdə tutulmuş vəsaitin həmin məbləğ qədər azaldılması nəzərdə tutulur.

O, qeyd edib ki, nəticədə dövlət büdcəsinin gəlirləri 111 milyon manat artırılaraq 33 milyard 890,5 milyon manat və yaxud təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 116,5 milyon manat (10,1 faiz) çox olacaq. Dövlət büdcəsinin kəsiri isə 55 milyon manat azaldılaraq,  2 milyard 734,3 milyon manat təşkil edəcək. Bu dəyişikliklərdən sonra dövlət büdcəsinin xərcləri 56 milyon manat artırılaraq  36 milyard 624,8 milyon manat olacaqdır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 271,5 milyon manat və ya yaxud 9,8 faiz çoxdur.

Bildirilib ki, aparılacaq dəyişikliklər hesabına icmal büdcənin gəlirləri əlavə 111 milyon manat artırılaraq 43 milyard 60,1 milyon manat, xərcləri əlavə 56 milyon manat artırılaraq 41 milyard 269,9 milyon manat, profisiti isə əlavə 55 milyon manat artaraq 1 milyard 790,3 milyon manat olacaqdır.

Tahir Mirkişili cari ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə qanun layihəsinin bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, bu qanun layihələrinə heç bir əlavə təklif daxil olmadığını deyib və hər iki sənədin səsə qoyulmasını xahiş edib.

Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 5 milyon manat artırılaraq 217,7 milyon  manata çatdırılması nəzərdə tutulub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu 2 qanun layihələri barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 9 dekabr tarixli  688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu söyləyib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri gündəliyin digər məsələsinin “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsi olduğunu və bu sənədin beynəlxalq sazişlərlə bağlı olduğuna görə, müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili həmin qanun layihəsini təqdim edib. O, "Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında" Sazişin 2021-ci il mayın 28-də Minsk şəhərində imzalandığını və sənədin əqli mülkiyyət hüququ sahəsində qarşılıqlı fəaliyyəti tənzimləmək üçün hazırlandığını diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Sazişin məqsədi tərəflərə saxta əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz olunmuş əmtəələrin istehsalı və satışı, dövlətlərin sərhədləri üzərindən hərəkətinin qabaqlanması və bu sahədə əməkdaşlıq şəraitinin yaradılmasıdır. O, qeyd edib ki,  tərəf dövlətlər bu Sazişin müddəalarını öz səlahiyyətli qurumları vasitəsilə milli qanunvericilik və beynəlxalq normalara uyğun olaraq həyata keçirəcəklər. Sazişdə nəzərdə tutulmuş qarşılıqlı fəaliyyətlərin əlaqələndirilməsi MDB-in sahəvi əməkdaşlıq orqanına - Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi üzrə Dövlətlərarası Şuraya həvalə ediləcək.

Qeyd olunub ki, bu Saziş qüvvəyə mindiyi tarixdən 1999-cu il 4 iyun tarixli "Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında" Saziş ləğv edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu məsələlər barədə məlumat verib. O, hər iki sənədin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı əlavə heç bir təklifin olmadığını söyləyib və qanun layihələrini olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son altı məsələsi möhtərəm Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır. Bunlar "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə (8-ci məsələ), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (9-cu məsələ), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (10-cu məsələ), "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə (11-ci məsələ), "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə (12-ci məsələ) və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (13-cü məsələ) birinci oxunuşda olan qanun layihələridir. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanun layihələrinə parlamentin iki komitəsində baxılıb və 8-ci, 10-cu, 12-ci və 13-cü məsələlərə dair məlumat vermək üçün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.

Tahir Mirkişili bildirib ki, qanunlara təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə daşıma xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabətin qarşısının alınması, daşımaların təhlükəsizliyinin, əməyin mühafizəsinin təmin olunması məqsədi daşıyır. Qanun layihələrində həm ölkə daxili, həm də beynəlxalq yük daşımalarına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur.

Komitə sədri xatırladıb ki, 2016-cı ildən ölkədə sərnişin daşıma və yükdaşımalara görə icazə və lisenziya sistemi ləğv edilib. Ötən 7 ilə yaxın dövr ərzində sərnişindaşıma və yükdaşımada yaranan mövcud vəziyyət, neqativ hallar  barədə deputatlara məlumat verən komitə sədri qeyd edib ki, hazırda  icazə kimi müəyyən olunan «Fərqlənmə nişanı» praktikada yalnız fiskal alət rolunu oynayır. Qanunvericilikdə avtonəqliyyat vasitələrinə və sürücülərə dair tələblərin olmasına baxmayaraq bu tələblər icazə kimi “Fərqlənmə nişanı”nın şərtləri olaraq müəyyən edilməyib. Həmçinin daşıyıcıların vahid uçotu mövcud deyil, taksi sifarişi operatorlarının fəaliyyəti isə ümumiyyətlə tənzimlənmir.

Qanun layihələrində yuxarıda sadalanan bu çatızmazlıqların aradan qaldırılması üçün təklif olunan yeni mexanizmlərdən danışan komitə sədri diqqətə çatdırıb ki, sərnişin və yük daşımalarında istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunub. Qanunda daşıyıcı, onun avtomobili və taksi sifarişi operatoru bir-birindən fərqləndirilir və icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir.

İcazələrin qüvvədə olma müddətinin 7 il müəyyən edildiyini deyən komitə sədri bunun üçün nəzərdə tutulan dövlət rüsumlarından danışıb. Vurğulayıb ki, sərnişin daşıyıcıları üçün  buraxılış vəsiqəsi rüsumu 7 ilə 125 manat, buraxılış kartı rüsumu da 7 il üçün 25 manat müəyyən olunub ki, bunu da aylar üzrə böləndə, olduqca kiçik rəqəm təşkil edir.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 9-cu və 11-ci məsələləri – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinin mahiyyəti barədə danışıb. Deputat qanun layihələrində taksi sürücülərinin əməyinin mühafizəsi, sərnişinlərin mənafeyinin qorunması, operatorların məsuliyyətinin artırılması istiqamətində dəyişikliklərin təklif edildiyini söyləyib.

Sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən qayda və icazələrin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Qanun layihəsində bəzi mövcud maddələrin "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərə uyğun olaraq yeni redaksiyada verilməsi, eyni zamanda, yeni maddələrin əlavə edilməsi təklif edilir. Həmin maddələr beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından istifadə qaydalarının pozulması, hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi və taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir.

"Yol hərəkəti haqqında" Qanunda dəyişikliklə bağlı layihə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu iki qanun layihəsi barədə müsbət rəy verdiyini söyləyib.

Sonra təqdim olunan gündəliyin son 6 məsələsi ətrafında müzakirələr aparılıb.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Azay Quliyev, Vahid Əhmədov, Elşən Musayev, Etibar Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Rauf Əliyev, Aqil Abbas, Rüfət Quliyev çıxış edərək, qanunlarda nəzərdə tutulan dəyişikliklər barədə öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər. Millət vəkilləri qanun layihələrinin ölkənin nəqliyyat sektorunun işinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini söyləyiblər.

Komitə sədri Tahir Mirkişili və iclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin  müavini Rəhman Hümmətov verilən sualları ətraflı cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin yekununda təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU