Vitse-spiker Adil Əliyev Mərakeş Krallığının hər iki palatasının sədrləri ilə görüşüb

Tədbirlər
16 iyun 2023 | 18:24   
Paylaşın:        

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüşüb.

Görüşdə vitse-spiker Azərbaycan-Mərakeş arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb, ortaq dini və mədəni dəyərlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyinin xüsusi təntənə ilə qeyd edildiyini bildirən vitse-spiker, Ulu Öndərin Azərbaycan-Mərakeş münasibətlərinin inkişafına verdiyi töhfələrdən söhbət açıb. O, Ümummilli Liderin davamçısı - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44-günlük Vətən müharibəsindən söz açdı, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti-bərpa və abadlıq-quruculuq işlərindən bəhs edib.

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin 100 illiyinə həsr edilmiş, Bakıda keçirilən  Milli Məclisin xüsusi sessiyasında iştirakını məmnuniyyətlə  qeyd edib, dahi şəxsiyyətin dövlətimiz və xalqımız üçün gördüyü işlərin dünyaya nümunə olduğunu bildirib.

Daha sonra çıxış edən Müşavirlər Palatasının sədri Naam Mayara iki ölkə arasındakı münasibətlərdə parlamentlərarası əməkdaşlığın verdiyi töhfədən söhbət açıb, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin parlamentlərarası münasibətlərin inkişafında xüsusi rolunu vurğulayıb.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əməkdaşlıq məsələlərini də geniş müzakirə ediblər.

Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Ceyhun Məmmədov və Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU