Səhiyyə komitəsinin iclasında

Komitə iclasları
20 iyun 2023 | 18:56   
Paylaşın:        

İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuşda olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Əhliman Əmiraslanov birinci məsələ ilə bağlı məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.

Adil Vəliyev bildirib ki, layihədə qanuna 4 yeni maddənin əlavə olunması, 18 yeni anlayışın təsbit edilməsi, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin aparılması təklif olunub. O, qanun layihəsində irəli sürülən dəyişiklikləri istiqamətlər üzrə sistemləşdirərək, diqqətə çatdırıb ki, 1-ci istiqamət üzrə dəyişikliklərdə dünya praktikası əsas götürülərək ümumdünya, Avropa və dünyanın digər aparıcı ölkələrinin meyarları nəzərə alınmaqla dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınması nəzərdə tutulub. Digər istiqamət üzrə dəyişikliklərə görə, dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, xarici qeydiyyatı tanınaraq dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır, bütövlükdə qeydiyyat prosesi sadələşdirilir və sürətləndirilir. Bununla yanaşı, dərman vasitələrinin ölkəyə gətirilməsi məqsədilə qeydiyyat üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilir. Həmçinin layihədə dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə elektron təqib və izləmə  sisteminin, reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiq edilməsi istiqamətlərində dəyişikliklər təklif olunur. Növbəti istiqamətlərdə dərman vasitələrinin  topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi və bioloji aktiv qida əlavələri ilə bağlı tənzimlənmələr təsbit olunub. Nəhayət, digər yenilikləri nəzərdə tutan istiqamət üzrə dəyişikliklərdə tibb vasitələrinin və dərmanların idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılması, reseptlərin yazılması proseduru, qaydaları və tələbləri müəyyən edilib.

Sonra komitə sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Sənədin hazırlanması prosesindən söz açan komitə sədri layihə üzərində aparılan irihəcmli işi yüksək dəyərləndirib, təklif olunan dəyişikliklərin və yeniliklərin aktuallığını vurğulayıb.

Komitə sədri səhiyyədə deputatları və vətəndaşları narahat edən bir çox məsələlərin sənəddə öz əksini tapdığını deyib. Layihənin qəbulunun dərmanların dövlət qeydiyyatının, ekspertizasının sadələşdirilməsinə səbəb olacağını deyən komitə sədri dərman vasitələrinin keyfiyyətinə nəzarət sisteminin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib. Əhliman Əmiraslanov dərmanların qiymətlərinin optimallaşdırılması, antibiotiklərin və bioloji aktiv əlavələrin apteklərdən buraxılışı ilə bağlı fikirlərini bölüşüb.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Soltan Məmmədov,  Məlahət İbrahimqızı, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, İlham Məmmədov, Kamilə Əliyeva,  Kəmaləddin Qafarov çıxış ediblər. Müzakirəyə çıxarılan qanun layihəsində təsbit olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi xarakterizə edən millət vəkilləri bildiriblər ki, sənəddə təklif olunan yeniliklərin tətbiqi ilə dərman bazarında vətəndaşları narahat edən bir çox məsələlər öz həllini tapacaq.

Sonra səhiyyə nazirinin müavini Rasim İsmayılov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb. Nazir müavini  dərmanların tanınma rejiminin tətbiqi, dərman vasitələrinin dövriyyəsinə nəzarətin təmini üçün aparılacaq elektron təqib və izləmə sistemi, dərmanların keyfiyyətinə nəzarət mexanizmi barədə məlumat verib.

Sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Gündəliyin ikinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin birinci oxunuşda müzakirəsindən sonra sənədlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU