Milli Məclisin sədri Sahibə Qafarova Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri bu səfərin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə parlamentlərimizin dostluq qrupları arasında təmasların, qarşılılqlı səfərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı və mühüm iqtisadi tərəfdaş ölkə olaraq əldə etdiyi nailiyyətləri diqqətə çatdırılıb.
Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz bu illər ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə isə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Bildirilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Söhbətdə həmçinin işğal dövründə və Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən ərazilərin minalanmasının işğaldan azad olunmuş ərqazilərimizdə bərpa və quruculuq işlərinə yaratdığı maneə və təhlükələr diqqətə çatdırılıb, Azərbaycanın sülh istədiyi, Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürdüyü, hazırda sülh danışıqlarının davam etdiyi bildirilib.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi