İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
22 iyun 2023 | 17:32   
Paylaşın:        

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 3 məsələ - “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və “Dövlət satınalmaları haqqında” yeni qanun layihələri, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib. Hər üç sənəd birinci oxunuşda müzakirəyə çıxarılıb.

Əvvəlcə, iclasda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni  qanun layihəsinə baxılıb. Komitə sədri Tahir Mirkişili məsələ ilə bağlı çıxışında ölkədə ödəniş sistemində innovativ üsullardan istifadə sahəsində mövcud durumdan, bu sahədə fəaliyyət göstərən şirkətlərin həyata keçirdiyi tədbirlərdən, nağdsız ödənişlərin səviyyəsinin artmasından bəhs edib. O, bu fəaliyyət növünün qanunvericiliklə tənzimlənməsinin zəruriliyini qeyd edərək, təqdim olunan qanun layihəsinin əhəmiyyətindən danışıb.

İclasda iştirak edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov ödəniş xidmətlərinin və ödəniş sistemlərinin ölkənin maliyyə sektorunda sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. O, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunması, aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi, bu sahədə xidmət göstərən təşkilatlara qoyulan tələblərin sistemləşdirilməsi, onların fəaliyyətinə nəzarətin təmin edilməsinin vacibliyindən söhbət açıb. Qeyd edib ki, Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, habelə ölkə başçısının 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar göstərilən istiqamətlərdə hüquqi bazanın təkmilləşdirilməsi çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.

Sonra tədbirdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov həmin qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının,  ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.

Bildirilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məzahir Əfəndiyev  bank sahəsində yeni texnologiyaların geniş tətbiqini təqdir edərək, sənədin nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə çalışan şirkətlərin və istehlakçıların hüquqlarının qorunması baxımından önəmli olduğunu bildiriblər. Deputatlar məsələ ilə bağlı bəzi qeyd və təkliflərini də səsləndiriblər. Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasda çıxış edən “GoldenPay” şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva, “PashaPay” şirkətinin İdarə Heyətinin sədr müavini Pünhan Nərimanov da məsələ ilə bağlı  fikirlərini açıqlayıblar.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra tədbirdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi təqdim olunub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məsələ barədə məlumat verərək, qanunun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini söyləyib.

Bildirilib ki, qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq halları və onların aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir. Qanun layihəsinin müvafiq maddələrində satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri öz əksini tapıb.

Qeyd olunub ki, layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən  satınalmanın dayandırılması şərtləri göstərilir.

Qanun layihəsi barədə fikirlərini açıqlayan komitənin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Aydın Hüseynov sənədi müsbət qiymətləndirərək, onun günün tələblərinə uyğun olduğunu bildiriblər, bəzi qeydlərini diqqətə çatdırıblar.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Xidmətin şöbə müdiri Əhməd Həsənov millət vəkillərinin suallarını cavablandırıblar.

İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında dövlət satınalmaları sahəsində olan pozuntulardan, onların səbəbləri və aradan qaldırılması istiqamətində atılan addımlardan danışıb. O, bu sahədə fəaliyyətin tənzimlənməsi, nəzarət tədbirlərinin keyfiyyətinin artırılmasının vacibliyi ilə bağlı fikirlərini açıqlayıb.

Fikir mübadiləsinin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar bildirilib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.

Bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU