Milli Məclisin növbədənkənar sessiyasının iclasında
İyunun 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının daha bir iclası keçirilib.
Gündəliyə keçməzdən əvvəl, spiker Sahibə Qafarova deputatlara iyunun 19-dan 21-dək onun rəhbərliyi ilə nümayəndə heyətinin Avstriya Respublikasına rəsmi səfəri haqqında qısa məlumat verib. Spiker qeyd edib ki, bu səfər, ümumiyyətlə Milli Məclis sədrinin Avstriyaya ilk rəsmi səfəri idi.
Milli Məclisin sədri bildirib ki, səfər çərçivəsində nümayəndə heyəti Vyanada Azərbaycan səfirliyində olub. Orada Ulu Öndər Heydər Əliyevin büstü önündə bu böyük dövlət xadiminin əziz xatirəsi dərin ehtiramla yad edilib.
İyunun 20-də nümayəndə heyətinin Avstriya Milli Şurasının sədri Volfqanq Sobotka, iyunun 21-də isə Avstriya Federal Şurasının sədri Günter Kovaç ilə görüşləri olub. Görüşlərdə Azərbaycanla Avstriya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycanın Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısı olduğu xüsusilə vurğulanıb.
Görüşlərdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın demokratik dövlət quruculuğu tarixi, multikulturalizm ənənələri, 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, "Böyük qayıdış" proqramının icrasına başlanılması, bölgədə sülh və sabitliyin təmin olunması üçün Azərbaycanın göstərdiyi səylər barədə həmsöhbətlərə geniş məlumat verilib.
Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə iki ölkənin parlamentləri arasında iş birliyinin dərinləşdirilməsi məsələləri də nəzərdən keçirilib. Nümayəndə heyətinin üzvləri Vyanada yerləşən İmperiya Xəzinəsi Muzeyində də olublar.
Spiker Sahibə Qafarova çıxışının sonunda Avstriya Respublikasına rəsmi səfərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Deputatlar Elnur Allahverdiyev, Fazil Mustafa, Elman Nəsirov, Sevinc Hüseynova, Sahib Alıyev, Tural Gəncəliyev, Arzu Nağıyev, Razi Nurullayev, Ceyhun Məmmədov, Azər Badamov, Aqil Abbas, Etibar Əliyev çıxış edərək Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində süni gölün tikintisinə etirazı zamanı baş verənlərə münasibət bildiriblər və gündəmdə olan bəzi mövzularla bağlı fikirlərini səsləndiriblər.
Millət vəkilləri Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etmək üçün hökumət komissiyasının yaradılmasının hadisələrin obyektiv araşdırılmasına xidmət etdiyini vurğulayıblar. Hadisələrdən öz məkrli niyyətləri üçün yararlanmağa çalışanların hərəkətlərini pisləyərək bildiriblər ki, sosial şəbəkələrdə məsuliyyətsiz, qızışdırıcı şərhlər yazan şəxslərin və hadisələrdən öz məkrli niyyətləri üçün istifadə etməyə çalışan dairələrin əsas hədəfi nifaq salmaqdır.
Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 33 məsələ müzakirəyə çıxarılıb. O, qeyd edib ki, gündəliyin ilk 2 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Milli Məclisin sədri birinci məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsində baxıldığını deyib və sənədlə bağlı məlumat vermək üçün sözü komitə sədri Musa Quliyevə təqdim edib. Musa Quliyev diqqətə çatdırıb ki, Əmək Məcəlləsinin 64-cü maddəsinə təklif olunan dəyişikliklər barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib, ötən müddət ərzində qanun layihəsi ilə bağlı komitəyə təkliflər, digər fərqli rəylər daxil olmayıb və layihənin mətnində dəyişiklik edilməyib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Gündəliyin ikinci məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb. Sənəd barədə birinci və ikinci oxunuşlarda geniş məlumatın verildiyini qeyd edən birinci vitse-spiker layihədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 3-cü məsələsindən başlayaraq növbəti 27 qanun layihəsinin cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Spiker diqqətə çatdırıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin və nəzarətin təkmilləşdirilməsi, maliyyə bazarlarının sabitliyinin təmin olunması və bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunması ilə bağlıdır. Spiker ikinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihələrinə parlamentin üç komitəsində baxıldığını söyləyib və əvvəlcə komitələrin təqdimatlarını dinləməyi, sonra müzakirələrin birgə aparılmasını təklif edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu 27 məsələdən 20-nə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və həmin layihələrlə bağlı məlumat vermək üçün komitənin sədri Tahir Mirkişiliyə söz verib.
Tahir Mirkişili gündəlikdəki 20 məsələ - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, eyni zamanda “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi haqqında, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Kredit büroları haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında” və “Auditor xidməti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumatı diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, təqdim olunan qanun layihələri Azərbaycan Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli Sərəncamına uyğun olaraq hazırlanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilir.
Dəyişikliklərin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyasının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır. Komitə sədri, həmçinin Milli Məclisin sədrinin tapşırığına əsasən, dəyişikliklərin geniş ictimaiyyətə çatdırılması ilə bağlı görülən işlərdən danışıb.
Sonra spiker Sahibə Qafarova bildirib ki, 6 məsələyə - 5-ci, 7-ci, 21-ci, 26-cı, 28-ci və 29-cu məsələlərə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. O, layihələrə dair məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənova təqdim edib.
Nurlan Həsənov uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklərin nəzərdə tutulduğu Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə əlaqədar bildirib ki, məsələlərə dair birinci oxunuşda ətraflı məlumat verilib və sənədlərlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gündəliyin 20-ci məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını bildirib və həmkarlarından qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edilən son 7 qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Qanun layihələrinin müzakirələrində deputatlar Vahid Əhmədov, Razi Nurullayev, Əli Məsimli, Sədaqət Vəliyeva, Aqil Abbas çıxış edərək sənədlərlə bağlı fikirlərini və bəzi qeydlərini səsləndiriblər.
Milli Bankın sədri Taleh Kazımovun deputatların qanun layihələri ilə bağlı qaldırdıqları məsələlərə, səsləndirdikləri suallara ətraflı izahatı dinlənildikdən sonra 27 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 4 məsələsinin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu diqqətə çatdırıb.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, layihə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirləri və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qeyd edilib ki, layihədə dünya təcrübəsi əsas götürülərək dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması nəzərdə tutulub. Dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, beynəlxalq qeydiyyatı tanınaraq onların dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb, sadələşdirilib və qeydiyyat prosedurlarının müddətləri qısaldılıb. Dərman vasitələrinin Azərbaycana gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilib və bütövlükdə qeydiyyat prosesi sürətləndirilib.
Nəzərə çatdırılıb ki, sənəddə dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Layihəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.
Bildirilib ki, ümumilikdə, qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub, 4 yeni maddənin əlavə olunması və 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliklərin qəbul edilməsi dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılmasına, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin artmasına, ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılmasına, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsinə səbəb olacaqdır.
Komitə sədrləri Tahir Mirkişili, Qənirə Paşayeva, deputatlardan Tahir Kərimli, Etibar Əliyev, Azər Badamov, Razi Nurullayev, Rəşad Mahmudov çıxış edərək, məsələ barədə fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər.
Parlamentin komitə sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışlara münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Birinci vitse-spiker bildirib ki, qanun layihəsi "Siyasi partiyalar haqqında" 2022-ci il 16 dekabr tarixli Qanunun icrası ilə bağlı hazırlanıb. Sənəddə həmin qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, Məcəllənin yeni redaksiyada təqdim edilmiş 184-cü maddəsində adıçəkilən qanuna uyğun olaraq müvafiq düzəlişlər aparılıb.
Komitə sədri Siyavuş Novruzov, deputat Tahir Kərimli məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanunun 4 maddəsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını, 32-ci və 34-cü maddələrə dair dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.
Deputat Əminə Ağazadə məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş layihədə bu qanuna 1.4-cü maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Bununla yanaşı, qanunun bir sıra maddələrində “müvafiq icra hakimiyyəti” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilir.
Deputat Etibar Əliyev sənədlə bağlı bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi