Milli Məclisin növbəti iclasında

Plenar iclaslar
24 iyun 2023 | 17:20   
Paylaşın:        

İyunun 24-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti iclası keçirilib. 

Milli Məclisin sədri Sahibə Qafarova bu gün 20 məsələnin müzakirə ediləcəyini söyləyib. O, qeyd edib ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Spiker bildirib ki, möhtərəm cənab Prezidentin təqdimatı ilə iyunun 9-da “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilib. Bununla əlaqədar olaraq, Məhkəmə-Hüquq Şurasının təşkili qaydası dəyişdirilib. O, hazırda Məhkəmə-Hüquq Şurasında Milli Məclisi deputat Nizami Səfərovun təmsil etdiyini deyib və qanunda edilən dəyişikliyə əsasən, Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığını diqqətə çatdırıb. Sahibə Qafarova Milli Məclis tərəfindən Şuranın üzvlüyünə deputat Nizami Səfərovun namizədliyinin irəli sürüldüyünü bildirib və məsələni səsə qoyub.

İclasda N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini deyərək, bildirib ki, qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 4 məsələnin - “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədə heç bir əlavə və dəyişikliyin edilmədiyini deyərək, olduğu kimi səsə qoyulmasını xahiş edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli digər iki məsələni - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb. O, hər iki layihənin “Tullantılar haqqında” qanunla əlaqədar olduğunu deyib. Bildirib ki, təklif olunan dəyişikliklərdə həmin qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət və utilizasiyaya gedən nəqliyyat vasitələrinin uçotdan çıxarılması məsələsi öz əksini tapıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bu layihənin “Tullantılar haqqında” qanundan irəli gələrək hazırlandığını, əvvəlki iki oxunuş zamanı əlavə heç bir dəyişikliyin edilmədiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son 3 məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.

Komitə sədri Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyev məsələlərlə bağlı bəzi fikir və qeydlərini söyləyiblər. Komitə sədri Sadiq Qurbanov səsləndirilən fikirlərə münasibət bildirib.

Sonra təqdim edilən bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul olunub.

Parlamentin spikeri Sahibə Qafarova növbəti məsələnin - “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin də məzmun və mahiyyətinə görə bundan əvvəl qəbul olunan qanunlara yaxın olduğunu və uyğunlaşdırma xarakteri daşıdığını bildirib. O, bu sənədin müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsini təqdim edərək bildirib ki, bu sənəd "İstehsalat və məişət tullantıları haqqında" qanunun adının dəyişdirilməsi ilə əlaqədar hazırlanıb. Qanunun müvafiq maddəsində "İstehsalat və məişət tullantıları" sözləri "Tullantılar" sözü ilə əvəz edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin digər 6 məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan, ikinci oxunuşda təqdim edilən qanun layihələridir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

O, bildirib ki, qanunlara edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi sahəsində tənzimləmənin təkmilləşdirilməsi, fəaliyyətin effektiv və səmərəli şəkildə idarə edilməsi, avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, əməyin mühafizəsinin təmin olunması, bu fəaliyyət növlərinə ölkəmizdə tətbiq edilən icazələrin təkmilləşdirilməsi məqsədi daşıyır. Qeyd olunub ki, qanun layihələrində həm ölkədaxili, həm də beynəlxalq yük daşımalarına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur. Sərnişin və yük daşımalarında rəqəmsal alətlərdən istifadə qaydaları da öz əksini tapır.

Sonra parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə dair məlumat verib.

O, bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti və sanksiyaları nəzərdə tutur. "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər isə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu iki qanun layihəsi barədə müsbət rəy verdiyini söyləyib.

Müzakirələr zamanı deputatlar Fazil Mustafa, Sevil Mikayılova, Müşfiq Məmmədli fikir və qeydlərini diqqətə çatdırıblar. İclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin  müavini Rəhman Hümmətov qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin yekununda təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra minalardan təmizlənmiş ərazilər, aşkar edilmiş mina və partlayıcı hərbi sursat ilə əlaqədar statistik göstəriciləri diqqətə çatdırıb. Deputat müasir şəraitdə minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhalinin, hərbçilərin, bərpa və quruculuq işləri ilə məşğul olan əməkdaşların həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz qayıdışına ciddi təhdid yaratdığını söyləyib.

Əsasnaməyə görə, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Deputatlar Bəhruz Məhərrəmov və Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti 3 məsələnin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, bu məsələlərin -  “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu 3 qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb. O, bildirib ki, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli Fərmanına uyğun olaraq, Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək, onun əsasında üç dövlət orqanı – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Qeyd edilib ki, müzakirəyə çıxarılan layihələrdə adı çəkilən qurumların hər birinin ayrılıqda əməkdaşlarının müvafiq medallarla təltif edilməsi nəzərdə tutulur. Təqdim edilən  sənədlərdə  təltif edilən şəxslərin dairəsi, təltif edən orqan, medalların taxılma qaydası və təsviri müəyyən edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, layihə ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Komitə sədri diqqətə çatdırıb ki, 9 fəsil, 68 maddədən ibarət olan qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının,  ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.

Qeyd edilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə yaxın olduğunu bildirib.

Sonra komitə sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, 10 fəsil, 59 maddədən ibarət qanun layihəsinin Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini deyib. Sənədin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübənin nəzərdən keçirildiyini söyləyib.

Bildirilib ki, qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq hallarının aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir. Qanun layihəsinin müvafiq maddələrində satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri öz əksini tapıb.

Qeyd olunub ki, layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən  satınalmanın dayandırılması şərtləri göstərilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair bildirilib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.

Komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Rüfət Quliyev, Etibar Əliyev təqdim olunan məsələlər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iki gündən sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü böyük qürur hissi ilə qeyd edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdur. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilmişdir.

Spiker diqqətə çatdırıb ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz  heç zaman unutmayacağıq.  

Milli Məclisin sədri bildirib ki, bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. O, Azərbaycan Silahlı Qüvvələrinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Spiker Silahlı Qüvvələr Günü  münasibəti ilə müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edib, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə  onlara yeni uğurlar arzulayıb.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU