Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına Fransada baş vermiş son hadisələrlə əlaqədar müraciət ünvanlayıblar

Tədbirlər
30 iyun 2023 | 20:36   
Paylaşın:        

Müraciətdə, 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir.

Milli Məclisin sədri Sahibə Qafarovanın və  Milli Məclisin nümayəndə heyətləri rəhbərlərinin   Parlamentlərarası İttifaqa, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinin prezidentinə, Avronest Parlament Assambleyasına, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına, Türk Dövlətləri Parlament Assambleyasına, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, GUAM Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasına ünvanladıqları müraciətdə bu zorakılıq aktı şiddətlə qınanılıb, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair təəssüf hissi ifadə olunub.

Müraciətin mətnində, irqi nifrət zəminində törədilmiş bu qanlı cinayətin Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin bərabər, ədalətli və ləyaqətli münasibət tələb edərkən qarşılaşdıqları sistemli problemlərin və ikili standartların təzahürü olduğu qeyd edilib. Səslərinin eşidilməsini istəyən insanların dialoq əvəzinə qeyri-mütənasib güc nümayişi ilə üzləşməsi  gərginliyinin daha da artmasına səbəb olduğu bildirilib. Günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının  nə qədər dərin olduğu bildirilib.

Müraciətdə  Avropanın demokratik və hüquq müdafiə institutlarının Fransa hökuməti tərəfindən nümayiş etdirilən bu kimi təhlükəli tendensiyalara lazımi diqqət yetirməməsi təəssüflə qeyd olunub. Bunun ölkədə insan hüquqlarının, xüsusən milli azlıqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin daha da pisləşməsinə gətirib çıxara biləcəyinə işarə edilib.

Sonda, bu zorakılıq aktı bir daha qətiyyətlə pislənilib, demokratiya, qanunun aliliyi prinsipinin üstünlüyünün vacibliyi vurğulanıb. İnsan hüquqlarına dair beynəlxlaq sənədlərə uyğun olaraq, Fransa hökuməti irqi və milli nifrət zəminində törədilən belə cinayətlərin köklü səbəblərini aradan qaldırmaq məqsədilə milli azlıqların və digər sosial qrupların, habelə vətəndaş cəmiyyətinin  nümayəndələri ilə konstruktiv dialoq aparmağa, bərabərlik, ədalət və bütün insanlara hörmət prinsiplərinin bərqərar edilməsinə yönələn islahatlar həyata keçirməyə dəvət olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU