Belçikalı parlamentari ilə görüşdə
İyulun 3-də Milli Məclisin bir qrup deputatı Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüşüb.
Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov qonaqları salamlayaraq, Azərbaycanın Avropa dövlətləri ilə, o cümlədən Belçika Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Kamal Cəfərov hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşərək parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb.
Kamal Cəfərov, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açıb, bölgədə dayanıqlı sülhün bərqərar olması üçün atılan addımlar barədə məlumat verib. O, vurğulayıb ki, Azərbaycan əsrlərin dərinliklərindən gələn multikulturalizm və tolerantlıq ənənələrinə malikdir və ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri dinc yanaşı yaşamaqdadır.
Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Anatoliy Rafailov və Nigar Arpadarai post münaqişə dövründə regionda yaranan reallıqlardan, aparılan sülh danışıqlarından bəhs ediblər, Azərbaycanın tolerantlıq ənənələrindən danışıblar. Ermənistanın 30 illik işğalı dövründə dağıdılan mədəni irsimiz haqda söhbət açan millət vəkilləri diqqətə çatdırıblar ki, ölkəmizdə milli və dini tolerantlıq, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşıyıb. Deputatlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının reinteqrasiyası istiqamətində atdığı addımlar haqqında məlumat veriblər.
Söhbət zamanı ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi