Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar nazirini qəbul edib

Sədrin görüşləri
25 avqust 2023 | 17:50   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova avqustun 25-də ölkəmizdə səfərdə olan Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadja Lahbibin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini Azərbaycan parlamentində salamlayan Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, parlamentlərarası əlaqələr Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələrin əsas komponentlərindən biridir.

Hazırda ölkəmizdə və regionda mövcud olan vəziyyət barədə qonağa məlumat verən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra həyata keçirdiyi böyükmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz dogma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük qayıdış proqramına start verilib. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin pozulan hüquqları, onların öz dədə-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyət lazımi diqqəti göstərməyib, hətta bir çox hallarda laqeyd yanaşıb. Bu, ikili standartların göstəricisidr. Sahibə Qafarova deyib ki, bu ikili standartların bir çox səbəbləri var. Erməni lobbisi və təbliğatı, islamofobiya bu amillər sırasındadır.

Spiker görüşdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması haqqında da məlumat verərək, diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə ən böyük əngəldir.

Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüququn normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurub. Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib və bu təklif beynəlxalq səviyyədə də dəstək alıb. Amma təəssüf ki, Ermənistan bu yoldan istifadə etmək istəmir. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb. Cənab Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Milli Məclisin sədri bir daha bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən irəli sürülən absurd iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan manipulyasiyadan başqa bir şey deyil.

Sahibə Qafarova xatırladıb ki, 30 ilə yaxın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyən, bütün beynəlxalq təşklilatların, o cümlədən, BMT TŞ-nin sənədlərini heçə sayaraq, Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edən Ermənistanın Laçın yoluyla bağlı məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarması təəccüb doğurur və bu, ikiüzlülükdür.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Onun sözlərinə görə, müharibədən 3 il ötsə də, Azərbaycanın təklif etdiyi sülh sazişi hələ də imzalanmayıb. Çünki Ermənistan prosesi ləngitmək istəyir. Digər ölkənin ərazi bütövlüyünü tanıdığını bəyan etmək igidlik deyil. Bu, sadəcə beynəlxalq hüququn tələbidir. İgidlik öz torpaqlarını işğaldan azad etməkdir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızı bərpa etməsi, böyük bərpa və quruculuq işlərini həyata keçirməsi igidlikdir.

Sahibə Qafarova görüşdə, həmçinin Belçika parlamentində son 3 ildə Azərbaycanla bağlı qəbul olunmuş 5 birtərəfli və qərəzli qətnaməni kəskin tənqid edərək, vurğulayıb ki, bu qətnamələr regionumuzdakı vəziyyəti düzgün əks etdirmir. O, eyni zamanda belçikalı deputatların yalnız Ermənistana səfər etməsinin region ölkələrinə münasibətdə balansı pozduğunu bildirib. Spiker Sahibə Qafarova Azərbaycan tərəfindən Belçika parlamentinin rəhbərliyinə, dostluq qrupunun başçısına və digər parlamentarilərə dəvətlər göndərildiyini xatırladaraq, qeyd edib ki, bu cür səfərlər Azərbaycandakı, regiondakı, xüsusən Qarabağdakı vəziyyət haqda daha dəqiq və düzgün məlumat əldə etməyə imkan verəcək. Bu, hazırkı vəziyyəti, bizim Qarabağdakı erməni sakinlərə, bizim vətəndaşlarımıza olan münasibətimizi başa düşmək baxımından əhəmiyyətlidir. Əgər onlar Azərbaycana gəlsələr, hər şeyin şahidi olacaq, Şuşaya, Ağdama getsələr, Ağdamı, XXI əsrin Hirosimasını görəcəklər. Sahibə Qafarovanın sözlərinə görə, təkcə Ağdamda deyil, Ermənistanın işğalı altında olan bütün şəhər və rayonlarımızda, kəndlərimizdə hər şey dağıdılıb.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Hadja Lahbib regiona, o cümlədən ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Azərbaycanla Belçika arasında qarşılıqlı səfərlərin önəmini dəqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib. Belçikalı nazir regionda sülh və təhlükəsizliyin təmin olunmasının, o cümlədən, ərazilərin minalardan təmizlənməsinin vacibliyini vurğulayıb. O, deyib ki, ölkəsi yalnız sülhü və bu ərazilərin yenidən bərpasını təşviq etmək niyyətindədir. Hadja Lahbib vurğulayıb ki, 30 il ərzində bu ərazilərdə çoxlu dağıntılar baş verib.

Qonaq, həmçinin, ölkəsində siyasi institutların fəaliyyəti, multikulturalizm, gender bərabərliyi və digər məsələlər barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU