Knessetin üzvləri ilə görüşdə

Tədbirlər
04 sentyabr 2023 | 15:54   
Paylaşın:        

Sentyabrın 4-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İsrail parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Knessetinin Azərbaycanla dostluq qrupunun üzvü Evgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib.

Komitə sədri ölkələrimiz arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açaraq qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması dövlətlərimiz arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. O, dövlətlərimiz və xalqlarımız arasındakı yaxın münasibətləri yüksək qiymətləndirərək bir çox dinlərin və millətlərin vətəni olan Azərbaycanın yəhudilərin də ta qədimdən vətəni olduğunu vurğulayıb.

İsrail parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Evgeni Sova göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edib. O, ölkələrimizi birləşdirən bağlardan söz açaraq münasibətlərin dərinləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini  Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Sevil Mikayılova və Nəsib Məhəməliyev, İsrail Knessetinin üzvləri Tatiana Mazarski, Osher Şkalim və Almoq Kohen qarşılıqlı hörmətə, hər iki ölkənin milli maraqlarına əsaslanan əməkdaşlığın və parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU