SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
02 aprel 2013 | 02:04   
Paylaşın:        

Aprelin 2-də Milli Məclisin Sosial siyasət komitəsinin iclasında üç məsələyə baxıldı.
İclasda öncə komitənin sədri Hadi Rəcəbli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məsələni təqdim etdi. Bildirdi ki, maliyyə problemi uсbatından uzun illər həllini tapmayan bu məsələ Azərbaycan Prezidentinin təşəbbüsü ilə həllini tapıb. Belə ki, qanundakı dəyişikliyə əsasən, bu kateqoriyadan olan uşaqlar bütün növ ödənişli təhsil müəssisələrində təhsil haqqı ödəməkdən azad olunurlar. Yəni valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar yalnız dövlətə məxsus ali və orta ixtisas məktəblərində deyil, həmçinin bələdiyyə və özəl təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə həmin vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Belə bir imtiyaz ilk dəfə tətbiq olunur.
Fikir mübadiləsində sənədin əhəmiyyəti yüksək dəyərləndirildi. Deputatlar Əhliman Əmiraslanov, Elmira Axundova, İlham Məmmədov, Sevinc Hüseynova, Yaqub Mahmudov, Rauf Əliyev, komitənin sədr müavini Musa Quliyev təklif olunan dəyişikliyin humanist mahiyyət daşıdığını vurğulayaraq Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini, minnətdarlıqlarını bildirdilər. Yekdilliklə bu sənədin Milli Məclisə təqdim olunması məqsədəuyğun sayıldı.
Sonra iclasda daha iki qanun layihəsində dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Bildirildi ki, həmin qanun layihələrində İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı ilə əlaqədar yeni maddənin əlavə olunması təklif edilir.
Komitə üzvləri gündəlikdəki qanun layihələrinin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
 


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU