Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Komitə iclasları
08 sentyabr 2023 | 17:45   
Paylaşın:        

Sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Səməd Seyidov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara qarşıdakı sessiyada uğurlar diləyib. Sonra o, regiondakı vəziyyət barədə fikirlərini açıqlayıb.

Komitə sədri Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin regionda sülhü, təhlükəsizliyi, tərəqqini təmin etməyə yönəldiyini vurğulayaraq Azərbaycanın apardığı siyasətin, hökumətin və parlamentin fəaliyyətinin ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə gətirib çıxardığını bildirib. Qeyd edilib ki, Azərbaycanın apardığı siyasətə heç kim müdaxilə edə bilməz.

Sonra iclasın gündəliyinə daxil edilmiş 12 məsələyə baxılıb.

Komitə sədri Səməd Seyidov, əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, bu müddətdə komitənin iclaslarda bir sıra qanun layihələri, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanmış beynəlxalq müqavilələr, digər sənədlər  müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Həmçinin ötən sessiyalar ərzində komitənin sədri və üzvləri xarici dövlətlərin və təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. O, hesabat dövründə komitəyə daxil olan müraciətlərlə bağlı görülən müvafiq tədbirləri də diqqətə çatdırıb.

Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi barədə danışarkən bildirilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilən qanun layihələrinə, habelə beynəlxalq və dövlətlərarası müqavilələrə dair sənədlərə baxılacaq. Bu müddətdə Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü fəaliyyətin davam etdirilməsi, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı istiqamətində addımların həyata keçirilməsi planlaşdırılır.

Sonra iclasda bir sıra beynəlxalq sənədlərlə bağlı qanun layihələrinə baxılıb.

Komitə sədri “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə, “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihələrinin mahiyyəti haqqında məlumat verib.

Məsələlərin  müzakirəsində komitə üzvləri Nəsib Məhəməliyev, Sahib Alıyev və Sabir Rüstəmxanlı çıxış ediblər, fikirlərini və təkliflərini səsləndiriblər.

Deputatlar komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işləri qənaətbəxş sayıblar, həmçinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsini təsdiqləyiblər,  gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra cari məsələlərdə ölkəmizin bədxahları tərəfindən  humanitar məsələlərlə bağlı Azərbaycana qarşı həyata keçirilən manipulyasiyalar, bəzi dəyərlərdən sui-istifadə edərək təzyiq göstərmək cəhdləri müzakirə olunub.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini  Sevinc Fətəliyeva, komitə üzvləri Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Azər  Kərimli, Ramin Məmmədov, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU