Milli Məclisdə Kanada parlamentinin deputatı ilə görüş

Tədbirlər
12 sentyabr 2023 | 15:15   
Paylaşın:        

Sentyabrın 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Aryanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili həm Kanada, həm də Azərbaycan parlamentində fəaliyyət göstərən dostluq qruplarının münasibətlərimizin inkişafındakı rolundan danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını və münasibətlərin normallaşdırılmasını təklif edib. Çünki Azərbaycan gələcəyə baxır və sülh tərəfdarıdır. Lakin Ermənistan qeyri-konstruktiv mövqe tutaraq bu prosesə müxtəlif vasitələrlə maneələr törədir.

Bildirilib ki, son zamanlar Kanadada Azərbaycan əleyhinə verilən bəyanatlar təəssüf doğurur. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bir neçə gün bundan əvvəl Kanada parlamentində Azərbaycan əleyhinə verilmiş sonuncu bəyanatla bağlı öz etirazını  bildirib.

Söhbət zamanı Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev qonaqlara Birinci və İkinci Qarabağ müharibəsi, Ermənistanın cinayətkar əməlləri, Azərbaycanın Cənubi Qafqaz regionundakı rolu barədə ətraflı məlumat verib.

Kanada Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, İcmalar Palatasının deputatı Çandra Arya Azərbaycana səfərindən məmnunluğunu bildirərək, iki ölkə arasında parlamentlərarası, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyindən danışıb. O, multikultural ölkə olan Azərbaycanın iqtisadi inkişafı, Kanadada ictimai-siyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini ifadə edib.   

Görüşdə Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU