Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Rosen Jelyazkov ilə görüşüb.
Əvvəlcə spikerlər arasında təkbətək görüş baş tutub. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Rosen Jelyazkov, bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan və Bolqarıstan arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb. Rosen Jelyazkov deyib ki, Azərbaycan və Bolqarıstan arasında intensiv diplomatik əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan prezidentləri arasında yüksək səviyyəli əlaqələr münasibətlərimizə təkan verir. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin uğurlu nəticələrini qeyd edib.
Rosen Jelyazkov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin sədri kimi Bolqarıstana ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycan və Bolqarıstanın dost və strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər davamlı şəkildə inkişaf edib. Sahibə Qafarova, xüsusilə 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırdığını qeyd edib.
İkitərəfli münasibətlərin inkişafında siyasi yüksək səviyyəli səfərlərin müstəsna rolunu vurğulayan Milli Məclisin sədri deyib ki, ötən illər ərzində həm ikitərəfli səviyyədə, həm də müxtəlif tədbirlərdə iştirak çərçivəsində çoxsaylı yüksək səviyyəli səfərlər və görüşlər olub. O, xüsusilə Prezident İlham Əliyevin Bolqarıstana ötən il və bu il reallaşan səfərlərini və Prezident Rumen Radevin cari ilin martında Azərbaycana səfərlərini qeyd edib. Spikerin sözlərinə görə, çox yüksək səviyyədə siyasi təmaslar ikitərəfli gündəliyin digər sahələrində əməkdaşlığın inkişafı üçün güclü əsas yaradıb. Bu mənada, iqtisadi və enerji sahələrində əlaqələr xüsusilə təqdirəlayiqdir.
Görüşdə iki ölkənin qanuverici orqanları arasında da əməkdaşlıqdan danışan Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Qarşılıqlı səfərlər bu əməkdaşlığın inkişafına təkan verir. Onun sözlərinə görə, parlamentlərimiz arasında müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar var. Bu mənada, dostluq qruplarının birgə fəaliyyəti vacibdir. Onlar müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Sahibə Qafarova, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışaraq deyib ki, komitələrimiz hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əməkdaşlıq edə bilərlər.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verərək bildirib ki, hazırda Azərbaycan öz imkanları hesabına işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir, 8 şəhəri, yüzlərlə kəndi sıfırdan, yenidən tikir, qurur. O, xatırladıb ki, işğal qurbanı olmasına baxmayaraq, sülhdən danışmağa başlayan və beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən Azərbaycandır. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı siyasi-hərbi təxribatlarını davam etdirir, hələ də 10 minlik silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam şəkildə çıxarmayıb. 2 ildən artıqdır ki, Ermənistan münaqişə həll olunduqdan sonra da Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl olaraq sui-istifadə edib.
Milli Məclisin sədri bir daha diqqətə çatdırıb ki, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın qanuni hüququdur və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmışdır. Ermənilərin sərhəd-keçid məntəqəsinə qarşı bir neçə dəfə təxribat törətməsinə baxmayaraq, Qarabağ bölgəsinin erməni sakinləri hələ də ondan maneəsiz istifadə edirlər. Ermənistanın “blokada”, “ciddi humanitar böhran”la bağlı siyasi manipulyasiyaları, yüklərin daşınması üçün başqa yollardan istifadə etməkdən imtina etməsi və Azərbaycanın humanitar yardımından imtina etməsinin yeganə səbəbi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməsi, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmaqdır.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri”nə də münasibət bildrən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu təxribatçı addım ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər.
Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, o, delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı qüvvələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək, əvvəllər əldə edilmiş razılaşmaları və normallaşma prosesini pozur. Ermənistanın yeganə məqsədi bütün mümkün vasitələrlə Azərbaycan ərazisində separatizmin mövcudluğunu davam etdirməkdir.
Milli Məclisin sədri Ermənistanın silahlanması, rəsmi İrəvan tərəfindən sülhün əldə olunmasına qarşı təxribatları barədə geniş məlumat verib. Spiker Sahibə Qafarova deyib ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, o zaman niyə sürətlə silahlanır? Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah alır?
Spikerin sözlərinə görə, Ermənistan əldə etdiyi silahlardan Azərbaycanın suveren ərazisinə qarşı istifadə edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın sürətlə silahlanması sülh perspektivlərini sarsıdır və region üçün yeni təhlükələrə gətirib çıxarır.
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiq qaldığını deyən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan həmçinin Qarabağ bölgəsinin etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir. Onların bütün müvafiq hüquq və azadlıqları ölkəmizin Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərdə təsbit edilmiş şəkildə təmin ediləcəkdir.
Görüşdə Milli Assambleyanın sədri Rosen Jelyazkov xatırladıb ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır. Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də, bu regionlarda bənzər hadisələr baş verib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"ndən narahatlıqlarını diqqətə çatdıran Bolqarıstan spikeri deyib ki, bu "seçkilər" Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir. Hazırda mövcud olan vəziyyət sadəcə bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir. Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır.
O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edərək, ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi