Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Sentyabrın 14-də Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ilk iki məsələsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2023-cü il payız sessiyası üçün iş planı olduğunu bildirib. Hesabat dövründə komitədə görülən işlərlə bağlı qısa məlumat verən birinci vitse-spiker bildirib ki, qarşıdakı sessiya ilə bağlı iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.
Gündəliyin 3-cü məsələsi ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsi hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsi məqsədinə xidmət edir.
Gündəlikdə 4-cü məsələ olan Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əli Hüseynli bildirib ki, sənəd “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
5-ci və 6-cı məsələlər barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, bildirib ki, birinci oxunuşda olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi “kursant” adlandırılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə bir sıra yeniliklər, o cümlədən “Daxili işlər orqanları üçün kadr hazırlığı” adlanan I-I Fəslin əlavə olunması təklif olunur.
Komitə sədri növbəti 5 məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı bildirib ki, sənədlər “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsinı haqqında” Qanuna uyğunlaşdırma, habelə “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunların icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
12-ci məsələ olan “Dövlət qulluğu haqqında” Qanunda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.
13-cü məsələ İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Nizami Səfərov bildirib ki, dəyişikliklər dəqiqləşdirmə və texniki xarakter daşıyır..
Müzakirə olunan sonuncu məsələ - Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə böyük, orta və kiçik xüsusi rütbələrin müvafiq təqdimatlar əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilməsini təsbit edir.
Gündəlikdəki məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Əminə Ağazadə, Azay Quliyev, Erkin Qədirli çıxış ediblər, rəy və təkliflərini səsləndiriblər.
Deputatlar 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıblar, komitənin 2023-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda komitə üzvləri Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi