Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib

Sədrin səfərləri
14 sentyabr 2023 | 19:31   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib.

"Ailə təhlükəsizliyin açarıdır" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı spiker Sahibə Qafarova, ilk olaraq, Sammitin əhəmiyyəti, tədbirdə müzakirə olunan məsələlərin aktuallığı ilə bağlı fikirlərini ifadə edib, bu çərçivədə müzakirələrin faydalı olacağına, demoqrafiya və ailə problemlərinin həlli baxımından yeni ideyalar və perspektivlər yaradacağına ümid etdiyini bildirib.

Çıxışında Azərbaycanın ailə institutu ilə bağlı təcrübələrini Sammit iştirakçılarının diqqətinə çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan cəmiyyəti ənənəvi və ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolu var. Ailə xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin keşiyində dayanır. Sədaqət, qarşılıqlı sevgi, valideynlərə və böyüklərə hörmət, tolerantlıq, mədəni irs kimi dəyərləri nəsildən-nəslə ötürən ailədir. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələrinin əsrlər boyu birgə ləyaqətli, sülh və dostluq şəraitində yaşamasının əsas səbəblərindən biri də ailə dəyərləridir.

Spiker, həmçinin deyib ki, ölkəmizdə ailə siyasəti, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ailə məsələləri ilə bağlı güclü qanunvericilik bazası yaradılıb. Ölkə Konstitusiyası ailənin mahiyyətini müəyyən edir, ailəni, nikahı və uşaqları dövlətin himayəsi altına alır. 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsi ailə üzvlərinin hüquq və vəzifələrini müəyyən edir. Digər qanunlar, o cümlədən gender bərabərliyi, uşaq hüquqları, məişət zorakılığının qarşısının alınması haqqında qanunlar ailə münasibətlərini tənzimləyir. Qanun layihələrinin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə bu məsələlər üzrə məsul dövlət orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əlaqələndirmə yolu ilə həyata keçirilir.

Ailə institutunun gücləndirilməsi və onun inkişafına dəstəyin hökumətimizin sosial siyasətinin diqqət mərkəzində olduğunu deyən Milli Məclisin sədri aztəminatlı ailələrə və əlillərə verilən sosial ödənişlərin, ünvanlı yardımların, gənc ailələrə ipoteka kreditlərinin verilməsi kimi təşəbbüslərin ailələrin rifahının daha da yaxşılaşmasını təmin etdiyini bildirib. Ailə məsələlərinə bu cür kompleks yanaşma əhalimizin sürətli demoqrafik artımını təmin edib. Onun sözlərinə görə, əgər 1990-cı ildə Azərbaycanın əhalisi 7 milyon idisə, bu gün əhalinin sayı 10 milyonu keçib.

Spiker Sahibə Qafarova xüsusilə diqqəti bir məsələyə yönəldib ki, bu müsbət demoqrafik tendensiya hər bir ölkənin üzləşə biləcəyi ən çətin sınağa, yəni ərazilərinin işğalına baxmayaraq əldə olunub. O xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və bu ərazilərimiz 30 il işğal altında qalıb.

İşğal və müharibələrin ailələr üzərində ən çox qalıcı təsirə malik olduğunu deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı ailələrimizin mövcudluğuna dağıdıcı təsir göstərib. On iki mindən çox insan bu işğalın qurbanı olub. Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. Yüz əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı - iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb.

Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib.

Spiker deyib ki, torpaqlarımızın işğaldan azad olunması 3000 gənc insanın həyatı bahasına başa gəldi: "Siz sadəcə təsəvvür edin, neçə ailə öz oğullarını və gələcək nəsillərini itirdilər?"

Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də otuz il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir.

Azərbaycan parlamentinin rəhbəri diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. İşğal illərində Ermənistan demək olar ki, bütün şəhər və kəndləri dağıdıb, bu ərazilərdə Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 8 şəhər və yüzlərlə kənd, yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, evlər tikilir. Keçmiş məcburi köçkün ailələri artıq öz evlərinə qayıtmağa başlayıblar. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara qayıdacaq. Sosial qayğı "Böyük Qayıdış Proqramı"nın əsas elementidir. Spiker Sahibə Qafarova bu məsələnin Heydər Əliyev Fondunun və onun rəhbərliyinin gündəmində çox mühüm yer tutduğunu qeyd edib.

Gələn il Birləşmiş Millətlər Təşkilatının elan etdiyi Beynəlxalq Ailə İlinin 30-cu ildönümünün qeyd olunacağını xatırladan Milli Məclisin sədri vurğulayıb ki, bu gün ailə anlayışı hər zamankından daha çox aktuallıq kəsb edir. Silahlı münaqişələr, miqrasiya, sosial və iqtisadi problemlər, pandemiya və bu kimi digər problemlər ailənin təhlükəsizliyinə təhdid yaradır. Onun sözlərinə görə, bu cür çətinliklər qarşısında ailələrin oynadığı rol şübhə altına alınmağa başlayıb. Ailə dəyərlərinin deqradasiyası, ənənəvi ailə modelinin dəyərsizləşdirilməsi və onu marginallaşdırmaq cəhdləri ailənin əsaslarını təhlükə qarşısında qoyur. Belə bir vəziyyətdə ailə anlayışının mahiyyətini bir daha dərk etmək olduqca vacibdir: ailə institutu cəmiyyətin əsas və ən mühüm vahididir.

Sahibə Qafarova çıxışına davam edərək bildirib ki, ailələrin rifahını qorumaq üçün daha çox işlər görülməli, bu çərçivədə milli qanunvericilik, sosial siyasət və sosial proqramlar hazırlanmalıdır. Ona görə də bu məsələ bir ölkənin, bir cəmiyyətin hüdudlarından çıxıb daha güclü beynəlxalq əməkdaşlığı, qabaqcıl təcrübənin paylaşılmasını tələb edir. Spiker bu kontekstdə Macarıstan hökumətinin ailə siyasətinin yüksək qiymətə layiq olduğunu söyləyib və əlavə edib ki, belə mühüm foruma ev sahibliyi etmək Macarıstanın ailə məsələlərində beynəlxalq əməkdaşlığa sadiqliyinin göstəricisidir. Onun sözlərinə görə, Macarıstanla eyni ailə dəyərlərini paylaşan ölkə kimi Azərbaycan birgə fəaliyyət və tədbirlər vasitəsilə bu əməkdaşlığa dəstək verməyə hazırdır.

Qeyd edək ki, 5-ci Budapeşt Demoqrafik Sammitində Macarıstan Prezidenti Katalin Novak, Bolqarıstan Prezidenti Rumen Radev, İtaliyanın Baş naziri Corca Meloni, Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqo və Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər. Çıxışlarda müasir dövrdə dünyada demoqrafik transformasiyanın nəticələri, miqrasiya məsələləri, müharibə, münaqişə və böhranların əhaliyə təsiri, cəmiyyətdə ailə dəyərlərinin qorunması diqqət mərkəzində dayanıb.

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə rəğbət və salamlarını ünvanlayıb. Ölkəsinin Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edən hökumət rəhbəri bildirib ki, Macarıstan Azərbaycanla birlikdə Türk Şurasının işində iştirak edir. Viktor Orban, Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu istiqamətdə fəaliyyətini qeyd edib.

O, həmçinin Azərbaycanın son illərdə həm siyasi çəkisinə görə, həm də iqtisadiyyatın inkişafına görə irəliyə doğru mühüm addımlar atdığını bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU