MİLLİ MƏCLİS ÖLKƏNİN 2012-Cİ İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİNİ TƏSDİQ ETDİ
Dekabrın 6-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin əsas maliyyə sənədi olan “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər bir neçə gün ərzində Milli Məclisin iclasında geniş müzakirə edilib. Müzakirələrdə çıxış edən deputatlar layihə barədə fikir və təkliflərini söyləmişlər. Müzakirələrin sonunda Hökumətə vaxt verilmişdi ki, qaldırılan məsələləri və onların həlli yollarını araşdırsın. Bugünkü iclasın gündəliyinə büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlərlə birlikdə Vergi Məcəlləsinə dəyişikliklər də daxil edilib.
Sonra Milli Məclisdəki müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirən maliyyə naziri Samir Şərifov diqqətə çatdırdı ki, 2012-ci il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 74 deputat çıxış edib. Layihə barədə səslənən fikir və təkliflər təhlil olunub və bəzi məsələlər məqbul hesab edilib. Çıxış edən deputatlar əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, elm, səhiyyə, mədəniyyət, idman və digər sahələr üzrə təkliflər səsləndiriblər. Bu təkliflərin nəzərə alınması nəticəsində büdcədən əlavə 87,6 milyon vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, büdcənin xərclər hissəsi artırılaraq 17 milyard 72 milyon manata çatdırılır. Şərifovun sözlərinə görə, dövlət xərclərinin artırılması nəticəsində gəlirlər əvvəllər proqnozlaşdırılan 16 milyard 436,4 milyon manata qarşı 16 milyard 438 milyon manat, büdcə kəsiri isə 634 milyon manat olacaq.
Maliyyə nazirinin çıxışı deputatlar tərəfindən yüksək qiymətləndirildi və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra büdcə zərfinə daxil olan digər qanun layihələri də səsverməyə çıxarıldı.
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-cu il büdcəsi haqqında” qanun layihəsinə edilmiş dəyişikliklər barədə danışan fondun sədri Səlim Müslümov diqqətə çatdırdı ki, Milli Məclisdə müzakirələr zamanı deputatlar bir sıra məsələlər qaldırmışlar. Həmin təkliflərə əsasən, əhalinin pensiyalarının verilməsini asanlaşdırmaq üçün Beynəlxalq Bank tərəfindən 50, Kapital Bank tərəfindən isə 23 əlavə bankomatın quraşdırılması qərara alınmışdır. Sığortalılar kateqoriyasına aid şəxslərin uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün isə fondun büdcəsinə əlavə 100 min manatın ayrılması məqbul hesab edilmişdir.
Fondun büdcəsi təsdiqləndikdən sonra iclasda “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında büdcə zərfinə daxil olan digər sənədlər də təsdiq edildi.
Sonra Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələ barədə məlumat verdi. Həmin dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi məsələlərindəki uyğunsuzluğu aradan qaldırmaq üçün vergi orqanlarının işçilərinin sosial müdafiəsini təmin etmək məqsədilə bu orqanların büdcədənkənar fonduna ayrılan məbləğin payı 5 faizdən 25 faizə qaldırılır. Deputatlar məlumatı dinlədikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələni səsə qoyaraq qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti