Aqrar siyasət komitəsinin iclasında

Komitə iclasları
19 sentyabr 2023 | 15:06   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Heydər Əliyevə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.

Komitə sədrinin təklifi ilə iclas iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi və “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsidir (birinci oxunuş).

Komitə sədri ötən sessiyalarda Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edərək, qeyd edib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 23 məsələyə baxılıb. Müzakirə olunan sənədlər barədə məlumat verən Tahir Rzayev vurğulayıb ki, hesabat dövründə komitə üzvləri deputatlıq fəaliyyəti ilə bağlı üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Qeyd edilib ki, deputatlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkədə və beynəlxalq miqyasda keçirilən tədbirlərdə yaxından iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan məktub, təklif, ərizə və şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Komitənin qarşıdakı sessiya üçün iş planı ilə bağlı bildirilib ki, layihədə komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarəti, qazilərlə,  müharibə iştirakçıları ilə, seçicilərlə  görüşlər və digər tədbirlər nəzərdə tutulub.

Gündəliyin sonuncu məsələsi ilə bağlı komitə sədri bildirib ki, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Məsələlərin müzakirəsində deputatlar Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, İqbal Məmmədov, Aydın Hüseynov, Müşfiq Cəfərov çıxış ediblər, rəy və təkliflərini bildiriblər.

Komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Aqrar siyasət komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU