Səhiyyə komitəsinin iclasında

Komitə iclasları
19 sentyabr 2023 | 17:00   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə bu gün erməni terrorçuların  törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.

Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 10 iclası keçirilib, həmin iclaslarda 20 məsələ müzakirə edilib. Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən, xüsusən “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi sayəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.

Hesabat dövründə komitəyə daxil olan müraciətlərdən bəhs edən Əhliman Əmiraslanov sayı 300-ə yaxın olan bu ərizə və şikayətlərdə, həmçinin vətəndaşlar və seçicilərlə keçirilən görüşlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin “Tibbi tullantıların idarə edilməsi”, “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” (Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə) və “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” (Əmək və sosial siyasət komitəsi ilə birgə) mövzularında 3 dinləmənin keçirilməsi planlaşdırılıb.

Müzakirələrdə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri  Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri  ötən dövrdə komitənin məhsuldar fəaliyyət göstərdiyini söyləyiblər, qarşıdakı sessiya üçün iş planı ilə bağlı təkliflərini səsləndiriblər. Deputatlar, həmçinin səhiyyə sahəsinin bəzi aktual məsələlərinə dair bəzi qeydlərini də diqqətə çatdırıblar.

Komitə üzvləri Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər.

İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU