Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Komitə iclasları
20 sentyabr 2023 | 17:27   
Paylaşın:        

Sentyabrın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova  Ordumuzun Qarabağ iqtisadi rayonunda dünəndən başladığı anti-terror tədbirlərinin bu gün separatçıların təslim olması ilə nəticələnməsi münasibətilə təbriklərini çatdırıb. Komitə sədrinin təklifi ilə dünən erməni terrorçularının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının, mülki şəxslərin və anti-terror tədbirləri zamanı şəhid olan əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatın və Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.

Hicran Hüseynova diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 11 iclası keçirilib, həmin iclaslarda 34 məsələyə baxılıb. Hesabat dövründə komitədə 9 qanun layihəsi üç oxunuşda, 4 qanun layihəsi isə bir oxunuşda müzakirə edilib.

Yaz və növbədənkənar sessiyalar ərzində komitə parlament rəhbərliyinin dəstəyi və Yeni Azərbaycan Partiyası ilə birlikdə  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda konfrans keçirib. Həmin konfransda əsası Ulu Öndər tərəfindən  qoyulan dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi sahəsində qanunvericilik bazasının, həmçinin institusional mexanizmlərin yaradılması, daha sonra bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən  uğurla inkişaf etdirilməsi ilə bağlı çıxışlar edilib, bir sıra qeyd və təkliflər səsləndirilib.

Komitə sədri və üzvləri  “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin  100 illiyinə həsr olunmuş yerli və beynəlxalq səviyyələrdə keçirilən tədbirlərdə fəal iştirak ediblər.

Komitə üzvləri, eləcə də Milli Məclisin xanım millət vəkilləri "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin üzvləri ilə görüşərək, onların fəaliyyəti ilə yaxından tanış olublar, həm təşkilatın, həm də onların fərdi qaydada  problemlərini dinləmiş, müzakirələr aparmışlar.

Bundan başqa, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə" mövzusunda birgə ictimai dinləməsi də keçirilib. Tədbirdə iştirak edən uşaqlar müasir dövrdə onları narahat edən, düşündürən məsələlər haqqında  fikirlərini və təkliflərini bildirmiş, millət vəkillərinə suallar ünvanlamışlar.  

2023-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə  vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 300-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılmış və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilmişdir. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılmış və qanun çərçivəsində həllinə nail olunmuşdur.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı Hicran Hüseynova diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmçinin “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda dinləmənin keçirilməsi də planlaşdırılıb.

Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Pərvin Kərimova, Tamam Cəfərova, Könül Nurullayeva, Sevil Mikayılova çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri komitənin məhsuldar fəaliyyət göstərdiyini deyərək, qarşıdakı sessiya üçün iş planı ilə bağlı təkliflərini səsləndiriblər, bəzi aktual məsələlərə dair qeydlərini diqqətə çatdırıblar.

Komitə üzvləri Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər.

İclasda deputat Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU