Parlament görüşləri

Tədbirlər
22 sentyabr 2023 | 12:00   
Paylaşın:        

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.

Azərbaycanın və Türkiyənin APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, dövlət başçılarımızın dostluğu sayəsində bu gün strateji tərəfdaşlığımız və müttəfiqliyimiz ən yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.

O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, insanların sevinclə öz doğma yurdlarına qayıtmasından söz açıb. Qənirə Paşayeva APA çərçivəsində və digər beynəlxalq qurumlarda deputatlarımızın birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, APA-nın komitə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Söhbət zamanı Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Hüseynov, Türkiyə parlamentinin üzvü İlyas Topsakal iki ölkə arasındakı münasibətlərə dair fikirlərini səsləndiriblər.

Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov da iştirak edib.

 

*****

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasındakı siyasi və parlamentlər səviyyəsindəki əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və İndoneziya daim bir-birinin fəaliyyətini dəstəkləyirlər.

İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fardi Zon ölkələrimiz və parlamentlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi baxımından həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub. Azərbaycan və İndoneziya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan Fardi Zon, həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Daha sonra Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Mir Kamal Əlizadə qadınlar üzrə komissiya haqqında qətnamənin layihəsini təqdim edib və sənəd ətrafında müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədov iştirak ediblər.

*****

Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Tailandın APA-dakı nümayəndə heyəti ilə görüşü də keçirilib.

Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkəmizdə keçirilən APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edən Tailand nümayəndə heyətinin üzvlərini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, bu istiqamətdə dostluq qruplarının rolunu xüsusi qeyd edib. O, ölkələrimizin iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığının potensial imkanlarından bəhs edib.

Görüşdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev müxtəlif idman növləri üzrə əməkdaşlığın genişləndirillməsi ilə bağlı fikirlərini açıqlayıb.

Tailand nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakul dövlətlərimizin ikitərəfli münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, eyni zamanda, parlamentlərarası əlaqələrin gücləndirilməsinin böyük önəm daşıdığını bildirib.

Söhbətdə APA-nın fəaliyyəti, nümayəndə heyətlərinin bu qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı, digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev, Tailand nümayəndə heyətinin üzvləri Voravit Baru, Russdi Kantanit, Tailandın Azərbaycandakı səfiri Apirat Suqondhabhirom və digər rəsmi şəxslər iştirak ediblər.

***** 

 

Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak edən körfəz ölkələri olan Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün APA sədrliyinə namizədliyi, APA çərçivəsində Asiya qitəsində və dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU