MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasda ilk olaraq Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti barədə hesabat dinləniləcək.
Sonra hesabat məruzəsi ilə çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov bildirdi ki, Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti barədə hesabat “Hesablama Palatası haqqında” Qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır. Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti qeyd edilən normativ hüquqi aktlara, Palatanın müvafiq normativ sənədlərinə və təsdiq olunmuş illik iş planına əsasən həyata keçirilmişdir.
Heydər Əsədov diqqətə çatdırdı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hesabat ilində əldə edilmiş uğurlar xüsusi qeyd olunmuş, eyni zamanda bir sıra tapşırıq və tövsiyələr verilmişdir. Heydər Əsədov görülən işlər, aparılan yoxlamaların nəticələri, analitik təhlillər barədə məlumat verərək dedi ki, palatanın ötən ildəki fəaliyyəti də dövlət başçısının maliyyə intizamının möhkəmləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi, şəffaflığın və cavabdehliyin artırılması, eləcə də korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sahəsində nəzarət orqanları qarşısında qoyduğu vəzifələrə istiqamətlənib. Hesabat ilində palata 68 audit və 2 analitik təhlil aparıb. Bu isə 2010-cu illə müqayisədə 27, 2011-ci illə müqayisədə 22 audit tədbiri çoxdur. Aparılan auditlər təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı də digər sahələri əhatələməklə investisiya xərcləri, tikinti və ilk dəfə olaraq hesabat ilində dövlət mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyətinin araşdırılmasına yönəldilib. Hesabat ilində bir sıra orqanlarda yoxlamalar da keçirilib. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələrinə əsasən, palata tərəfindən nəzarət tədbirlərinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, eləcə də digər əlaqədar orqanlara 100 təqdimat göndərilib. Bu isə 2010-cu illə müqayisədə 59, 2011-ci illə müqayisədə 43 təqdimat çoxdur. Ötən dövrdə nöqsanların aradan qaldırılması üçün lazımı tədbirlər görülüb.
Palatanın beynəlxalq əlaqələrinin də genişləndiyini deyən Heydər Əsədov bildirdi ki, yaxın günlərdə ölkəmizdə Avropa və Ərəb auditlər qruplarının beynəlxalq konfransı keçiriləcək. BMT-nin 66-cı sessiyasında qəbul olunan Ali Audit Qurumlarının rolunun gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, effektivliyinin, cavabdehliyinin artırılması barədə qərara uyğun belə bir toplantının ilk dəfə Bakıda keçirilməsi dövlət başçısının şəffaflığın artırılması istiqamətində apardığı siyasətin məntiqi nəticəsidir.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri yarandığı vaxtdan ötən qısa müddətdə palatanın peşəkar bir quruma çevrildiyini, Milli Məclisə təqdim olunan hesabatların ildən-ilə təkmilləşdirildiyini deyərək bəzi təkliflər də səsləndirdilər. Qeyd olundu ki, həm də elmi əsaslara söykənən hesabatda bütün sahələr əhatələnib, maliyyə nəzarəti ilə bağlı böyük iş görülüb. Palatanın hesabatı normativ-hüquqi aktlara uyğun hazırlanaraq parlamentə təqdim olunub, iş planındakı bəndlər yerinə yetirilib. İclasda Palatanın beynəlxalq əlaqələrinin genişləndirilməsi də müsbət məqamlardan biri kimi xarakterizə olundu. Bildirildi ki, hesabat ilində dünya iqtisadiyyatında davam etməkdə olan qeyri-müəyyənliyə baxmayaraq, aparılan məqsədyönlü iqtisadi siyasət və ona uyğun həyata keçirilən əsaslandırılmış tədbirlər nəticəsində ölkə iqtisadiyyatında əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, qlobal böhranın təsiri nəticəsində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi fonunda ölkəmizdə Ümummilli Daxili Məhsulun istehsalı üzrə əvvəlki illə müqayisədə 2,2 faiz artım əldə edilib ki, bu da makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın sahə və regional strukturunun optimallaşdırılması, fiksal siyasətin mövcud şəraitə uyğun uzlaşdırılması, iqtisadi potensialın gücləndirilməsi üçün diversifikasiya siyasətinin həyata keçirilməsini təmin edən tədbirlərin artırılması və qeyri-neft sektorunun sürətli inkişafına nail olunması, maliyyə potensialının və valyuta ehtiyatlarının daha da gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində əldə olunub. Bu uğurlar isə 2012-ci ili ölkə iqtisadiyyatı üçün uğurlu illərdən biri kimi xarakterizə etməyə əsas verir. Hesabat ilində palata maliyyə-büdcə nəzarəti fəaliyyətinin daha səmərəli təşkilinə, nəzarət tədbirlərinin audit standartları üzrə normativ sənədlərin tələblərinə uyğun keyfiyyətlə həyata keçirilməsinə xüsusi önəm verilib.
Çıxışlardan sonra Hesablama Palatasının sədri Heydər Əsədov millət vəkillərinin səsləndirdikləri sual və təkliflərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alındı.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və "Yol hərəkəti haqqında" Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirildi ki, təklif olunan dəyişikliklər sürücülərin mənafeyinə xidmət edir. Belə ki, avtomobillər istehsal ilindən etibarən 4 il texniki baxışdan keçirilməyəcək, 4 ildən sonra isə 10 il tamam olana qədər 2 ildə bir dəfə, 10 ildən sonra isə hər il texniki baxışdan keçiriləcəklər. Bundan başqa, Cinayət Məcəlləsinin 264-cü maddəsinə belə bir qeyd əlavə olunur ki, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs yol nəqliyyat hadisəsi yerindən qaçma maddəsi ilə məsuliyyət daşımaqdan azad edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Deputatlar "Diplomatik xidmət haqqında" Qanuna da dəyişiklik etdilər. Dəyişikliyə əsasən, “səfir müavini” vəzifəsi təsis edilərək diplomatik vəzifələr sırasına əlavə edilir.
İclasda "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda müzakirə olundu. Qanun layihəsinin təşəbbüskarı deputat Azay Quliyev məlumat verdi ki, indiyədək layihə parlamentin bir neçə komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Sənəddə əsas məqsəd ölkə vətəndaşlarını dövlətin idarə olunmasında iştiraka cəlb etmək, taleyüklü qərarların qəbulunda vətəndaşların rəyinin nəzərə alınmasına hüquqi təminat yaratmaqdır. Bu gün Azərbaycan demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması yolunda qətiyyətli addımlar atır. Ona görə də, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, ölkəmizdə də insanların baş verənlərə münasibət bildirməsi, öz mövqeyini ortaya qoyması mühüm amildir. Yeni qanun vətəndaşların Azərbaycan Konstitusiyasının 55-ci maddəsində təsbit olunmuş hüquqlarının reallaşdırılmasına daha bir hüquqi zəmin yaradacaq və ictimai rəyin müvafiq strukturlar tərəfindən nəzərə alınması mexanizmini tənzimləyəcək.
Layihənin müzakirəsi zamanı deputatlar qanun layihəsinin konseptual baxımdan əhəmiyyətini xüsusi vurğuladılar və müzakirələrin sonunda onu səsə qoyaraq birinci oxunuşda qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti