Çex parlament nümayəndə heyəti ilə görüş

Tədbirlər
02 oktyabr 2023 | 18:32   
Paylaşın:        

Oktyabrın 2-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşüb.

Azərbaycanın ev sahibliyi ilə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Yan Kubiki bu il ərzində ikinci dəfə Milli Məclisdə görməkdən məmnun olduğunu deyən Elnur Allahverdiyev, belə səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutduğunu bildirib.

İşçi qrupunun rəhbəri, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə toxunub, Azərbaycanın Çex Respublikası ilə əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolunu vurğulayıb.

Sentyabrın 19-20-də Azərbaycan ordusunun Qarabağda həyata keçirtdiyi antiterror tədbirlərindən söz açan işçi qrupunun rəhbəri, Azərbaycan həqiqətlərinin Çexiya ictimaiyyətinin və parlamentinin diqqətinə çatdırılması sahəsində aparılan işlərə görə həmkarına təşəkkür edib.

Yan Kubik qəbula görə təşəkkür edərək, qısa müddət ərzində ölkəmizə yenidən səfərə gəlməkdən məmnunluğunu ifadə edib, Çexiyanın dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Yan Kubik rəhbərlik etdiyi Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Emin Hacıyev, Əliabbas Salahzadə çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU