Milli Məclisin 2023-cü il payız sessiyasında ilk plenar iclası keçirilib
Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Məclisin sədri xatırladıb ki, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub.
Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub.
Spiker xalqımıza yeni böyük qələbə sevincini yaşadan Prezidentimiz və müzəffər sərkərdəmiz İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlıq ifadə edib.
O, əlavə edib ki, təəssüf ki, müharibə itkisiz olmur. Spikerin təklifi ilə antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləkləri bildirilib.
Milli Məclisin sədri Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlərin də uğurla başa çatacağına əminliyini bildirib. O, deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər, düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir:
“Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.
... Bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!
Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Spiker qeyd edib ki, ötən dövrdə Milli Məclisin həyatında, təəssüf ki, kədərli hadisələr də baş verib.
İyulun 14-də parlamentin ən təcrübəli deputatlarından biri olan Madər Musayev dünyasını dəyişib. Madər müəllimin altı çağırış Milli Məclisin deputatı seçilməsi xalqın ona bəslədiyi hörmət və inamın bariz ifadəsi idi. 28 ilə yaxın dövrdə o, seçicilərini parlamentdə layiqincə təmsil etmişdi.
Madər Musayev özünün vətəndaşlıq mövqeyi və fəaliyyəti ilə cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına töhfə verirdi. O, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.
Sentyabrın 28-də isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşub. Qənirə xanım parlaq və mənalı bir ömür yolu keçmiş, bütün bilik və bacarığını, istedad və qabiliyyətini xalqına və dövlətinə həsr etmişdir.
Qənirə Paşayeva 2005-ci ildən bəri ardıcıl dörd çağırış Milli Məclisin deputatı seçilmişdi. Milli Məclisin qanunvericilik və qanunyaratma fəaliyyətində, beynəlxalq əlaqələrində yaxından iştirak etməklə yanaşı, Qənirə xanım seçicilərinin qayğılarına həssas münasibəti ilə böyük hörmət və nüfuz qazanmışdı.
Mərhum həmkarlarımız Madər müəllim və Qənirə xanım haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətləri və mədəniyyəti, alicənablığı və xeyirxahlığı ilə seçilən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Onlar bizim yaddaşımızda belə də qalacaqlar.
Spikerin təklifi ilə Madər Musayevin və Qənirə Paşayevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Allahdan hər ikisinə rəhmət diləkləri ifadə olunub.
Sonra Sahibə Qafarova bildirib ki, bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə mən sizə ətraflı məlumat vermişdim. Sadəcə xatırladım ki, iki sessiyada 23 iclas keçirilib, 195 qanun və qərar qəbul edilib. Ölkə həyatının mühüm məsələlərinə münasibət bildirilib.
Milli Məclis dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirləri görüb.
Parlamentin beynəlxalq fəaliyyəti sessiyalardan sonrakı dövrdə də uğurla davam edib.
Bu ərəfədə Milli Məclisin 34 deputatı 23 ölkəyə 41 səfər həyata keçirib, üzv olduğumuz beynəlxalq təşkilatların toplantılarında iştirak və çıxış ediblər.
Millət vəkillərimiz Özbəkistanda keçirilən Prezident seçkilərini və Kambocada keçirilən parlament seçkilərini müşahidə ediblər.
15 ölkənin və 2 beynəlxalq təşkilatın 20 nümayəndə heyəti, o cümlədən 2 ölkənin parlament sədri, ümumən 193 nəfər xarici qonaq Milli Məclisdə olublar.
Milli Məclis Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına ev sahibliyi edib.
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Ötən dövrdə Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri Bolqarıstanda rəsmi səfərdə, Macarıstan, Kuba və İrlandiyada işgüzar səfərlərdə olublar.
Sentyabrın 11-13-də Bolqarıstana rəsmi səfər çərçivəsində ölkə Prezidenti Rumen Radev, Milli Assambleyanın sədri Rosen Jelyazkov, Baş nazir Nikolai Denkov ilə görüşlər keçirilib. Görüşlərdə 44 günlük Vətən müharibəsində qələbədən sonra bölgədə yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın göstərdiyi səylər, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilən siyasi-hərbi təxribatlar haqqında həmsöhbətlərə məlumat verilib. Parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib, eləcə də Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib.
Sentyabrın 14-də Macarıstana işgüzar səfərdə məqsəd 5-ci Budapeşt Demoqrafik Sammitində iştirak etmək idi. Spiker bildirib ki, o, “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı ölkəmizdə ailə dəyərlərinə hörmət, dövlətimizin ailə siyasəti barədə danışıb. Ermənistanın işğalçılıq siyasətinin ailə institutuna destruktiv təsirləri haqqında geniş məlumat verib.
Səfərin gedişində Macarıstan Prezidenti Katalin Novak ilə keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edib. Ölkələrimizin əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu qeyd edilib. Parlamentlərimizin bir çox beynəlxalq parlament təşkilatlarında uğurlu iş birliyindən danışılıb.
Sentyabrın 15-də Kuba Respublikasına işgüzar səfəri barədə danışan spiker, qeyd edib ki, həmin gün ölkənin paytaxtı Havana şəhərində G77+Çin Qrupunun Zirvə görüşü keçirilirdi. O, deyib ki, sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd edib. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycanın region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biri olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Həmin tədbirdə spiker Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün xüsusi önəmi, bərpa olunan enerji ilə bağlı bir sıra layihələrin icrası və Azərbaycanda işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri haqqında məlumat verib.
Səfər zamanı Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes ilə görüşdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolu ilə bağlı məsələlər nəzərdən keçirilib.
Sentyabrın 27-29-da İrlandiyanın paytaxtı Dublin şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək idi. Spiker Konfransdakı çıxışında ictimai təmsilçilik məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və əldə etdiyi nəticələr barədə fikirlərimi bölüşdüyünü diqqətə çatdırıb.
O, deyib ki, Ermənistan spikerinin böhtanlar üzərində qurulmuş çıxışına cavab olaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətindən danışıb. Xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Son üç ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, separatizmin dəstəklənməsi kimi vasitələrdən istifadə edib.
Spiker qeyd edib ki, tədbirdə sentyabrın 19-da Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu bildirib. Qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alan lokal antiterror tədbirləri həyata keçirib.
Terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb.
Sahibə Qafarova onu da deyib ki, tədbirdə artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına başlandığını diqqətə çatdırıb. Bir daha vurğulayıb ki, erməni sakinlərin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək.
Səfər zamanı ikitərəfli görüşlər də keçirilib. İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Şon Oferghail, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf yolları müzakirə edilib.
Həmçinin Fransa Milli Assambleyasının sədri ilə görüş olub. Spiker Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycan barəsində nümayiş etdirdiyi qərəzli mövqe barəsində fikirlərini bildirib. O, Fransa parlamentinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərən, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan, separatizmi dəstəkləyən, revanşist qüvvələrə cəsarət verən bir çox qətnamələr qəbul etdiyini xatırladıb. Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələrə və legitim hərbi hədəflərə zərbələr endirildiyini qeyd edib. Bildirib ki, Qarabağın erməni sakinlərinə birbaşa təhdidin olması və onlara qarşı kütləvi zorakılıq törədildiyi barədə xəbərlərin doğru olmadığı hamılıqla etiraf edilib. Eyni zamanda bildirib ki, artıq Qarabağ bölgəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası üçün onların nümayəndələri ilə üç görüş keçirilib. Görüşdə spiker bir daha vurğulayıb ki, Azərbaycan dövləti erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini ölkəmizin qanunvericiliyinə və beynəlxalq müqavilələrə müvafiq surətdə təmin edəcək.
Spiker bildirib ki, payız sessiyası ərəfəsində Milli Məclisdə iki dinləmə keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi dinləmə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusuna həsr edilmişdi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləmədə isə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunub.
Milli Məclisin sədri çıxışının sonunda xarici ölkələrə səfərlərində onunla birlikdə iştirak edən həmkarlarına minnətdarlığını bildirib.
Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb. Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Fazil Mustafa, Etibar Əliyev, Nurlan Həsənov, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, İlham Məmmədov çıxış ediblər.
Deputatlar cari il 19-20 sentyabr tarixlərində ölkəmizin həyata keçirdiyi antiterror tədbirləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin az bir müddət ərzində uğurla başa çatdığını deyən millət vəkilləri, ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini və suverenliyinin bərqərar olduğunu, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar.
Millət vəkilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının dəstəyi, ordumuzun qəhrəmanlığı və şücaəti nəticəsində işğala son qoyulduğunu, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulduğunu söyləyiblər. Deputatlar bu gün də davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarını rədd edərək, informasiya müharibəsində səylərimizi əsirgəməməyin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl fəaliyyət göstərməyin vacibliyindən danışıblar. Çıxışlarda Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının reallaşması və digər məsələlərə toxunulub.
Müzakirələrdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dostluq qruplarının hər bir üzvü üzv olduqları parlamentlərarası əlaqələr üzrə işçi qruplarının adından həmin ölkələrin dostluq qruplarına məktub yazmalıdır. O, qeyd edib ki, bu gün bizim əlimizdə kifayət qədər sənədlərimiz var, rəqəmlərimiz var və burda hər bir çıxışda bununla bağlı fikirlər səslənib. Bununla əlaqədar hər bir dostluq qrupunun üzvünə məktublar getməlidir. Spiker beynəlxalq təşkilatlara kifayət qədər məktubların getdiyini söyləyib. Sahibə Qafarova bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak edəcəyini deyərək, bu həqiqətlərin çatdırılmasının vacibliyini vurğulayıb. Parlamentin sədri bu yaxınlarda səfərdən qayıtdığını söyləyərək, Fransa Milli Assambleyasının sədri ilə görüşündə bu barədə danışdığını bildirib. O, deyib ki, hər bir parlament üzvü dostluq qruplarına, beynəlxalq təşkilatlara dəfələrlə məktublar göndərməli, bununla yanaşı, yalanların qarşısını almaq üçün beynəlxalq mediada, şəbəkələrdə də fəal olmaq lazımdır.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 18 məsələ müzakirə olunacaq. O, qeyd edib ki, gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsidir.
Spiker bildirib ki, hər sessiyanın əvvəlində biz Milli Məclisin qanunvericilik işləri planını qəbul edirik. O, payız sessiyasının qanunvericilik işləri planının 10 bənddən ibarət olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Fəzail Ağamalı, Fazil Mustafa, Hikmət Məmmədov payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyətindən danışıblar, bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti 10 məsələnin hökumətlərarası sazişlərin və digər beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı olduğunu söyləyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələrinin bir oxunuşda baxılıb qəbul edildiyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
O, bildirib ki, Saziş 2023-cü il 7 iyun tarixində Bratislava şəhərində imzalanıb. Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir. Qeyd edilib ki, 30 maddədən ibarət olan sənəd Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq, qəbul edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
O, nəzərə çatdırıb ki, Saziş 2023-cü il 24 aprel tarixində Bakı şəhərində imzalanıb. Preambula və 13 maddədən ibarət sənədin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir.
Bildirilib ki, Sazişə əsasən tərəflərin 14 sahədə - hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini səsləndirib və qanun layihəsi səsə qoyularaq, qəbul edilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
Bildirilib ki, 2022-ci il 24 iyun tarixində Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclasında "Türkdilli Ölkələrin Parlament Assambleyası"nın adının "Türk Dövlətləri Parlament Assambleyası"na dəyişdirilməsi haqqında Qətnamə" və "Türkdilli Ölkələrin Parlament Assambleyası haqqında İstanbul Sazişinə dəyişikliklər haqqında Protokol" imzalanıb. Buna əsasən, "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş"ə dəyişikliklər edilməsinə dair Protokol" 2023-cü il 8 iyun tarixində Bakı şəhərində imzalanıb. Protokolun 2-ci maddəsinə uyğun olaraq Sazişin bütün mətnində "Türkdilli Ölkələrin Parlament Assambleyası" sözləri "Türk Dövlətləri Parlament Assambleyası" sözləri ilə əvəz edilib.
Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsindən bəhs edib.
O, qeyd edib ki, Sazişə əsasən, Tərəflər Azərbaycanda və Özbəkistanda, habelə üçüncü ölkələrin ərazilərində qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq Fondun yaradılması üzrə razılığa gəlmişlər. Sazişin 11-ci maddəsinə əsasən, Tərəflərin razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 13-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Bildirilib ki, 2023-cü il 18 iyul tarixində Şuşa şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol imzalanıb. Protokolda Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözlərinin "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond)" sözləri ilə əvəz edilməsi müəyyənləşdirilir. Digər dəyişikliyə müvafiq olaraq, Fondun yaradılması haqqında təsis sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu tərəfindən imzalanır. Fondun təşkilati-hüquqi formasını onun təsisçiləri müəyyən edirlər. Fondun fəaliyyəti və onun Nizamnaməsi ilə bağlı mübahisələr Fondun təsis sazişinə uyğun olaraq həll edilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib, bu qanun layihələrinin təqdimatlarını dinləməyi, sonra isə onların birgə müzakirəsini aparmağı və ayrı-ayrılıqda səsvermənin keçirilməsini təklif edib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli həmin qanun layihələri barədə məlumat verib.
“Ümumdünya Poçt Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, Ümumdünya Poçt İttifaqının 2021-ci il 26 avqust tarixində Abican şəhərində keçirilmiş 27-ci Konqresində "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol" qəbul edilib. Əlavə Protokolun müddəalarına əsasən, "Ümumdünya Poçt İttifaqının Nizamnaməsi"nin preambulasına və müvafiq maddələrinə dəyişikliklər edilib. Dəyişikliklər 4 istiqamət - Ümumdünya Poçt İttifaqının Aktlarına münasibətdə daha da hüquqi aydınlığın və sabitliyin təmin edilməsi, terminoloji ardıcıllığın müəyyən edilməsi, Nizamnamədə uzun müddət mövcud olan bir çox uyğunsuzluqların aradan qaldırılması və "Müqavilələr hüququ haqqında Vyana Konvensiyası"na uyğun olaraq İttifaqın Aktlarının təsdiqi və qəbulu üçün müddəaların müəyyən edilməsi üzrə hazırlanıb.
“Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi ilə bağlı məlumatında Əli Məsimli Ümumdünya Poçt İttifaqının 2021-ci il 26 avqust tarixində Abican şəhərində keçirilmiş 27-ci Konqresində "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol"un qəbul edildiyini bildirib. Qeyd olunub ki, Əlavə Protokol ilə Ümumdünya Poçt İttifaqının orqanları olan Administrativ Şuranın, Poçt Əməliyyatları Şurasının, Məşvərət Komitəsinin idarə edilməsi, Beynəlxalq Büronun Baş direktorunun vəzifələri, Beynəlxalq Büro tərəfindən müvafiq məlumatların əldə edilməsi, sorğuların aparılması, təkliflərin Konqresə təqdim edilməsi, üzv ölkələrin üzvlük haqlarının tənzimlənməsi, üzvlük haqlarının kateqoriyaları, üzv ölkələr arasında mübahisələrin arbitraj vasitəsilə həll edilməsi qaydaları üzrə dəyişikliklər nəzərdə tutulub.
“Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, Konvensiyada bütün beynəlxalq poçt xidmətində tətbiq olunan qaydalar, məktub və poçt bağlamaları xidmətləri ilə bağlı müddəalar əks olunub. Konvensiyanın tələblərinə uyğun olaraq, üzv ölkələr tərəfindən poçt məsələlərinə nəzarət edilməsinə cavabdeh olan dövlət orqanının adı, ünvanı, poçt xidmətlərinin yerinə yetirilməsi və Ümumdünya Poçt İttifaqının Aktlarından yaranan öhdəliklərin öz ərazilərində yerinə yetirilməsi üçün rəsmi olaraq təyin olunmuş operatorun adı, ünvanı barədə İttifaqın Beynəlxalq Bürosuna məlumat təqdim edilməlidir. "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu" həmin Protokolda qeyd olunan bəzi dövlətlərə münasibətdə Konvensiyanın müvafiq maddələri ilə nəzərdə tutulmuş tələblərdən fərqli qaydalar ehtiva edir.
“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihəsinə dair diqqətə çatdırılıb ki, Sazişin məqsədi maliyyə xidmətlərinin əlverişliliyinə şərait yaratmaq, təyin olunmuş üzv dövlətlərin operatorlarının şəbəkələrinin funksional uyğunluğuna imkan verən sistemlər əsasında çoxsaylı istifadəçilər üçün nəzərdə tutulmuş təhlükəsiz və əlçatan poçt ödəniş xidmətlərinin yerinə yetirilməsidir. "Poçt ödəniş xidmətləri haqqında Sazişin Yekun Protokolu" ilə müəyyən edilmiş dövlətə münasibətdə müvafiq istisnanın tətbiq edilməsi nəzərdə tutulur.
Komitə sədri Səməd Seyidov bu 4 sənəd barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini diqqətə çatdırıb.
Deputat Sabir Rüstəmxanlı bəzi fikirlərini səsləndirdikdən sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsini təqdim edib.
Protokola əsasən, hava gəmisinin göyərtəsində törədilmiş cinayət və bəzi digər aktlara münasibətdə hava gəmisinin ərazisinə eniş etdiyi dövlət və istismarçı dövlət tərəfindən yurisdiksiyanın həyata keçirilməsi qaydaları müəyyən edilir. Digər dəyişiklikdə "ekipaj üzvünə fiziki hücum, yaxud belə hücumla təhdid etmə", "hava gəmisinin, onun göyərtəsində olan sərnişinlərin, yaxud əmlakın təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmisinin kapitanı tərəfindən və ya onun adından verilən qanuni göstərişləri yerinə yetirməkdən imtina" cinayətlərini və yaxud cinayət hesab edilməyən digər aktları törədən şəxslər barəsində razılığa gələn dövlət tərəfindən cinayət, inzibati və ya məhkəmə icraatının istənilən digər növünün başlanılması nəzərdə tutulur.
Sənəd barədə Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. O, bildirib ki, təklif olunan dəyişikliklər 4 istiqamət, o cümlədən Beynəlxalq Əmək Təşkilatının orqanı olan Beynəlxalq Əmək Ofisinin İdarə Heyətinin idarə edilməsi və tərkibi, Baş direktorun təyin edilməsi, Beynəlxalq Əmək Təşkilatının orqanı olan Beynəlxalq Əmək Konfransında səsvermənin keçirilməsi və Nizamnaməyə dəyişikliklər edilməsi qaydaları üzrə hazırlanıb.
Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı tərəfindən təşkilata üzv olmaq istəyən dövlətlərin qəbul edilməsi məsələsi dəqiqləşdirilib, Beynəlxalq Əmək Ofisinin İdarə Heyətinin yerlərinin sayı 56 yerdən 112 yerə artırılıb. İdarə Heyətində 112 yerdən 56-sı hökumətləri təmsil edən şəxslər üçün, 28-i işəgötürənləri təmsil edən şəxslər üçün, digər 28-i isə işçiləri təmsil edən şəxslər üçün nəzərdə tutulur. Sənəddə, həmçinin, İdarə Heyəti tərəfindən təyin edilməsi nəzərdə tutulan Beynəlxalq Əmək Ofisinin Baş direktorunun təyinatının təsdiqi üçün Beynəlxalq Əmək Konfransına təqdim edilməsi məsələsi, Baş direktorun məsuliyyət məsələsi, Nizamnaməyə edilməsi nəzərdə tutulan dəyişikliklərin üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi qaydası və digər dəyişikliklər nəzərdə tutulur.
Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini səsləndirdikdən sonra, qanun layihəsi qəbul edilib.
Sonra iclasda fasilə elan edilib.
Fasilədən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri Rəqabət Məcəlləsinin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O, rəqabətin iqtisadi sistemin effektivliyinin artması ilə bağlı əhəmiyyətindən danışıb. Rəqabətin dövlət tənzimləməsi, bazardakı bütün iştirakçıların maraqlarının qorunması baxımından vacibliyini qeyd edib. Dövlətin bu sahədə əsas rolunun ədalətin təmin olunması, cəmiyyətin hüquqlarının müdafiəsi və bazar iqtisadiyyatının fəaliyyəti üçün əlverişli mühitin yaradılması olduğunu deyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan özəlləşmə proqramı ilə geniş vüsət alıb. Qeyd olunub ki, bazar iqtisadiyyatının mühüm elementlərindən olan rəqabət və istehlakçı hüquqlarının qorunması məqsədi ilə 1995 və 1998-ci illərdə o dövr üçün aktual olan “Haqsız rəqabət haqqında” və “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunlar qəbul edilib. Bildirilib ki, son on il ərzində Prezident İlham Əliyevin apardığı ardıcıl islahatlar nəticəsində ölkədə rəqabət mühiti xeyli münbitləşmiş, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yüksəlmişdir. Aparılan islahatlar sahibkar-dövlət münasibətlərində etimadı yüksəldərək, sahibkarlıq mühitində şəffaflığı artırmışdır.
Tahir Mirkişili bildirib ki, təqdim olunan Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir. Sənədin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bir sıra məhsullar üzrə qiymətlərin azaldılması baxımından əhəmiyyətlidir. Layihə ilə bir sıra yeniliklərin əsası qoyulub. Beynəlxalq təcrübədə mövcud olan yeni çağırışlara uyğunlaşmaq məqsədi ilə layihəyə nou-hau, mühüm əhəmiyyətli resurs, müvafiq bazar, rəqabət aparmamaq öhdəliyi, eksklüziv və selektiv təchizat sistemləri, uyğunlaşdırılmış hərəkətlər, şaquli və üfüqi sazişlər, bazar payının 50 faizini keçən hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar daxil edilib. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət sanksiyaları və digər məsələlər öz əksini tapıb.
Qeyd edilib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə üç qanunun – “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunların ləğv edilməsi təklif olunur.
Komitə sədri çıxışında Milli Məclisin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə Rəqabət Məcəlləsi ilə bağlı keçirilən ictimai dinləmədən bəhs edib, dinləmədə səslənən fikirlərin komitənin iclasında geniş müzakirə edildiyini bildirib.
O, təqdim edilən Rəqabət Məcəlləsinin ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcəyini, inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual əsaslarını müəyyən etdiyini, azad və sağlam rəqabətə təkan verəcəyini, rəqabətin stimullaşdırılmasını təmin edəcəyini söyləyib.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Etibar Əliyev, Vahid Əhmədov, Vüqar Bayramov, Aydın Hüseynov, Əli Məsimli, Müşfiq Cəfərov, Fazil Mustafa, Qüdrət Həsənquliyev Məcəllə barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
Müzakirələrin sonunda “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Energetika haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri qüvvədə olan “Energetika haqqında” qanunun 1998-ci ildə qəbul edildiyini deyərək, bildirib ki, ötən müddət ərzində dünyada energetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin energetika sektorunda qonşu ölkələr və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər bu sahədə beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbul edilməsini zəruri edir.
Yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Sənəddə istifadə olunan əsas anlayışlar, qanunun tətbiq dairəsi, energetika subyektlərinin fəaliyyəti, energetika sahəsində fəaliyyət növləri göstərilir. Layihədə energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, ayrı-seçkiliyin yolverilməzliyi, energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı, bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması, enerji istehlakçılarının hüquqlarının müdafiəsi, energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi bu sahədə dövlət siyasətinin əsas prinsipləri kimi göstərilir.
Qanun layihəsində, habelə, energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri və dövlətin vəzifələri, bu sahədə fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, qiymətlərin formalaşdırılması, enerji istehlakının, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Bununla yanaşı, sənəddə energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi, dövlət proqramlarının həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və ətraf mühitə zərərin vurulmasının qarşısının alınması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, bərpa olunan enerji mənbələrindən istifadə, özəl investisiyaların təşviqi, beynəlxalq əməkdaşlıqla bağlı müddəalar təsbit olunub.
Qanun layihəsi ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədri Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Asim Mollazadə, Fəzail Ağamalı sənədin əhəmiyyətindən bəhs ediblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, layihə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərlə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsini müəyyənləşdirir. Dəyişikliklərdə qüvvədə olan qanunda bəzi dəqiqləşdirmələrin aparılması və digər normativ hüquqi aktlara uyğunlaşdırılması da nəzərdə tutulur. Layihədə, habelə lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziyanın və icazənin ləğvi təklif olunur.
Komitə sədri Siyavuş Novruzov öz fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, qeyd edib ki, sənəd "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli 665-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanunun qəbul edilməsi ilə "İcra haqqında" Qanunun 7-ci maddəsində icra sənədləri üçün müəyyən edilən tələblərdə dəyişiklik edilərək, icra sənədlərində göstərilməli olan bəzi məlumatlar dəqiqləşdirilir, həmçinin icra sənədlərində məcburi icranı asanlaşdıra biləcək bir sıra əlavə məlumatların göstərilməli olduğu müəyyən edilir. Bununla əlaqədar olaraq, icra sənədi hesab edilən məhkəmə əmrində, notariusun icra qeydlərində, inzibati orqanların pul tələbi ilə bağlı inzibati aktlarının və bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası üçün tələbin icraya yönəldilməsi haqqında qərarlarında, həmçinin səlahiyyətli orqanlar tərəfindən qəbul edilən və məcburi icraya yönəldilə bilən inzibati xəta haqqında iş üzrə qərarlarda həmin məlumatların öz əksini tapması zərurəti yaranıb. Təqdim edilən qanun layihəsində müvafiq dəyişikliklər edilməklə, icra sənədləri sayılan qeyd edilən aktların məzmununun "İcra haqqında" Qanunda icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılması təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bu qanun layihələri barədə məlumat verib.
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı bildirilib ki, layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb. Sənəddə "müdavimləri" sözünün "kursantları" sözü ilə əvəz edilməsi təklif olunur.
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb. Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı, şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq.
Deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Sahib Alıyev məsələ ilə bağlı bəzi qeydlərini bildirdikdən sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, qeyd edib ki, "Peşə təhsili haqqında" qanunun 20.8-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən olduğu üçün, təklif olunan layihədə məhz bu kateqoriyadan olan "Müharibə veteranı" adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin cari ilin payız sessiyasındakı ilk plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi