Elm və təhsil komitəsinin iclasında
Oktyabrın 3-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib.
Onlayn iclası açan komitənin sədri Bəxtiyar Əliyev, 3 oktyabr tarixinin Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi yadda qaldığını deyib, Ulu öndər Heydər Əliyevin 30 il əvvəl həmin gün hakimiyyətə qayıdışının Azərbaycanın qurtuluşu və bugünkü uğurlarımızın təməli olduğunu bildirib. O, bildirib ki, bu gün Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra komitənin sədri gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. İlk məsələnin birinci oxunuşda olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi barədə, ikinci məsələnin ikinci oxunuşda olan “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu qeyd edən komitə sədri onlar haqqında məlumat verib.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verən komitə sədri təklif edilən dəyişikliklərin mahiyyət etibarilə ölkəmizdə fəaliyyət göstərən ödəniş xidmətləri və ödəniş sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutduğunu bildirib. O, qanunlara təklif olunan dəyişikliklərlə bağlı fikirlərini səsləndirib, sənəddə qeyd olunan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişiklikləri şərh edib.
Gündəliyin ikinci məsələsi olan “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı danışan komitə sədri Bəxtiyar Əliyev, qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısından danışan komitə sədri, nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən olduğu üçün, təklif olunan dəyişiklikdə məhz bu kateqoriyadan olan “Müharibə veteranı” adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutulur.
Qanun layihələrinin müzakirələrində komitə sədrinin müavini Musa Qasımlı, deputatlar Etibar Əliyev, Ceyhun Məmmədov və Anar İsgəndərov çıxış edərək sənədlərdə təklif olunan dəyişiklikləri dəstəkləyərək qeydlərini bildiriblər.
Deputatlar müzakirəyə çıxarılan qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Onlayn iclasda Elm və təhsil komitəsinin üzvləri Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Ülviyyə Ağayeva, Pərvin Kərimzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi