İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
03 oktyabr 2023 | 17:58   
Paylaşın:        

Oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda 30 il əvvəl – 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin Azərbaycan xalqının həyatında əlamətdar tarix olduğu bildirilib və bununla da ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.

Sonra komitə sədri Tahir Mirkişili iclasın gündəliyini təqdim edib. Bildirib ki, gündəliyə 2 məsələ daxil edilib və birinci məsələ “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.

Tahir Mirkişili qeyd edib ki, sön illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan komitə sədri 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb. Komitə sədri qanun layihəsi ilə bağlı daha ətraflı məlumat vermək üçün Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqova söz verib.

Agentliyin sədri Səbuhi Sadıqov əvvəlcə dövlət ehtiyatları sahəsində mövcud qanunvericilik, dövlət ehtiyatları sahəsində effektiv tənzimləmə sisteminin təmin edilməsi üzrə dövlət başçısı tərəfindən verilən tapşırıqlar və atılan addımlar barədə məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. O, deputatlara, dövlət ehtiyatlarının təyinatı və layihədə təsbit olunan digər tənzimləmə mexanizmləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının  dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.

Layihənin müzakirəsində komitə sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Mahir Abbaszadə, Vüqar Bayramov,  İqbal Məmmədov və Aydın Hüseynov çıxış ediblər. Deputatlar  sənəddə nəzərdə tutulan dövlət-özəl sektor əməkdaşlığının mexanizmləri, dövlət ehtiyatlarının hüquqi statusu, strukturu və dinamikası, yerli məhsulların tədarük şərtləri və qiymətləri kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Deputatların suallarına və qaldırdıqları məsələlərə agentliyin sədri Səbuhi Sadıqov aydınlıq gətirəndən sonra “Dövlət ehtiyatları haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra millət vəkilləri “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlanan  “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçirərək birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Elnur Allahverdiyev, Rüfət Quliyev, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU