MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
10 aprel 2013 | 03:04   
Paylaşın:        

Aprelin 10-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov bildirdi ki, bugünkü  iclasın gündəliyinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlikləri irəli  sürülmüş şəxslərin  təyin edilməsi məsələsi daxil  edilib. 
Komitə  sədri qeyd  etdi ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq Şirkətin Yayım Şurasının 3 üzvünün bu ilin aprelin 17-də altı illik səlahiyyət müddəti başa çatır. İdman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən 8 yeni namizəd irəli sürülüb. Nizami Cəfərov qeyd  etdi ki, namizədlər  arasından adı çəkilən hər təşkilatdan bir nəfər olmaqla  - 3 nəfər 6 il müddətinə Şuraya üzv  seçilərək təsdiqlənəcək. Bildirildi ki, idman federasiyaları tərəfindən iki, dini konfessiyalardan iki, yaradıcılıq təşkilatlarından isə 4 nəfərin namizədliyi irəli sürülüb.
İclasda  işrirak edən Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov bildirdi ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı mart ayında müsabiqə elan olunub. Bu məsələ ilə əlaqədar  keçirilən iclaslarda hər bir təşkilat namizədlərini seçərək təqdim edib. O, namizədlərin hər birinin  cəmiyyətdə  kifayət  qədər  tanındıqlarını, öz  sahələrində  peşəkarlıqları ilə seçildiklərini, hər birinin ayrı-ayrılıqda  bu  işi layiqincə yerinə  yetirə biləcəyini  diqqətə  çatdırdı.
Çıxış edən millət vəkilləri  Jalə Əliyeva, Sahibə Qafarova, Leyla  Abdullayeva  da irəli sürülən namizədlərin hər birinin cəmiyyətdə kifayət  qədər tanındıqlarınıı dedilər,  onları  dəstəklədiklərini bildirdilər. Namizədlikləri irəli sürülən – Yusif Babanlı, Ziyadxan Əliyev, Rafiq Səməndər, Fuad Nurullayev,  Robert Mobili, Zemfira Qafarova Şuraya üzv seçiləcəkləri təqdirdə fəaliyyətlərinin əsas prinsiplərini açıqladılar.
Müzakirələrdən sonra namizədlərin təsdiqlənməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olundu.


  Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU