Milli Məclisin sədri Sahibə Qafarova Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.
Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan və Rumıniya arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edib, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb.
Nikolae Çuka dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb. Senatın sədri, Azərbaycan parlamentinin spikerinin bu səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparmaq baxımından önəmini qeyd edib və bu səfərin əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.
O, müxtəlif vəzifələrdə çalışarkən Azərbaycana səfər etdiyini bildirib və xoş təəssüratlarını bölüşüb.
Nikolae Çuka Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən, enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. O, deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin sədri kimi Rumıniyaya ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
İki ölkənin qanunverici orqanları arasında da əməkdaşlıqdan danışan Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Qarşılıqlı səfərlər bu əməkdaşlığın inkişafına təkan verir. Sahibə Qafarova parlament komitələrinin, dostluq qruplarının işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb, Azərbaycan və Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlığını qeyd edib.
Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın antiterror tədbirləri nəticəsində 1 gün ərzində ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verib. Spiker bildirib ki, işğal qurbanı olmasına baxmayaraq, sülhdən danışmağa başlayan və beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən Azərbaycandır. Sahibə Qafarova, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə Rumıniya tərəfinə təşəkkür edib.
Milli Məclisin sədri, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. O, deyib ki, işğal dövrü Ermənistanın tarixində qara ləkədir. Spiker, həmçinin, Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb.
Görüşdə həmçinin, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb.
Nikolae Çuka ölkəsinin Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığını, sülh planını dəstəklədiyini bir daha bəyan edib, ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.
Milli Məclisin sədri görüşdə həmçinin, Azərbaycanın multikultural dəyərləri, ölkəmizdə fərqli dinlərə aid mədəniyyət və dini abidələrin qorunması haqqında da məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi