İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Milli Məclisin xüsusi iclası keçirilib

Plenar iclaslar
12 oktyabr 2023 | 17:33   
Paylaşın:        

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 12-də  Milli Məclisin xüsusi iclası keçirilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü xüsusi iclasın gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.

Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda istehsal olunan ümumi daxili məhsul  3,6 dəfə artıb.

Spiker qeyd edib ki, Milli Məclisdə biz hər il, bildiyiniz kimi, dövlət büdcəsini müzakirə və təsdiq edirik. İldən-ilə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli dərəcədə artır. İyirmi ilə yaxın dövrdə dövlət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artıb.

Həyata keçirilən məqsədli sosial proqramlar sayəsində yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. İnsanların rifah halı yüksəlib. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir.

Milli Məclisin sədri bildirib ki, ölkəmizin iqtisadi yüksəlişi səriştəli rəhbərlik faktoru öndə olmaqla, bir sıra amillər ilə bağlıdır. Spiker bununla əlaqədar bəzi məqamlara toxunaraq qeyd edib ki, Azərbaycan neft və qaz yataqları ilə zəngin bir ölkədir. Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib. 

Ölkəmizin iqtisadi qüdrətinin artmasında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr təkcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlib.

Ancaq iqtisadiyyat yalnız bir mənbənin hesabına uzun müddət inkişaf edə bilməz. Məhz buna görə də dövlət başçısı neft və qazdan asılılığın azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün düşünülmüş tədbirlər həyata keçirib. Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunub. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son iki ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı altmış dörd faiz olub.  

Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti istənilən layihənin uğurla reallaşmasını təmin edir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulub. Eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış edir. Həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirib. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.

Spiker bildirib ki, 2013-cü ildən bəri Azərbaycan kosmik klubun üzvüdür. Qeyd etmək yerinə düşər ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresi əlli  ildən sonra bu günlərdə ikinci dəfə Azərbaycanda keçirildi.

Bu hadisə ilk növbədə dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən ehtiramın ifadəsidir.

Milli Məclisin sədri qeyd edib ki, möhtərəm Prezidentin təşəbbüsü və rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində sistemli islahatlar həyata keçirilib. Ölkəmizin siyasi sistemi təkmilləşdirilib. Altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif partiyaların nümayəndələri də təmsil olunublar.  Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, iqtidarla müxalifət arasında müntəzəm dialoq qurulub.

Prezident İlham Əliyev insan kapitalının inkişafına daim  qayğı göstərir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır.

İlham Əliyevin rəhbərliyi ilə qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının qorunmasına əsaslanan inklüziv cəmiyyət formalaşdırılıb. Ölkəmizdə dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri daha da inkişaf etdirilib. Milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına kömək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilib.

Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha artırıb. Bu gün ölkəmiz qlobal dialoqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır.

Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından  danışarkən xüsusi qeyd edilməlidir ki, Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2019–2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilib və sədrlik müddəti daha bir il uzadılıb.

Möhtərəm İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olub. Hazırda hərəkatın qadınlar platformasının yaradılması üzərində də iş aparılır.

Spiker bildirib ki, Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılıb. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq yolunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilib.

Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib.

30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilib və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona  çatdırılıb. Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk edib.

Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə bu il sentyabrın  19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri hərb tariximizin yeni şanlı səhifəsini təşkil etdi.

Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edildi, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Bu gün biz qürurla söyləyirik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib.

Milli Məclisin sədri qeyd edib ki, Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bu torpağı hansı şəraitdə tərk etdiyini hamımız müşahidə etdik, dünya da görüb yəqin edə bildi. Bütün bunlar Azərbaycan xalqına xas olan və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təcəssümünü tapan humanizm və mərhəmətin bariz ifadəsidir. 

Spiker qeyd edib ki, Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, Azərbaycan dövləti Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışlarında bir daha bəyan etdi.

Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə xalqımız Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və quruculuq işlərində də nümayiş etdirir.

İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Qarabağ və Şərqi Zəngəzur gözlərimiz önündə çiçəklənən diyarlara çevrilir. İnamla söyləmək olar ki, tezliklə bütün köçkün soydaşlarımızın yurd həsrətinə son qoyulacaq. 

Spiker Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirib.

O, vurğulayıb ki, biz əminik ki, cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.  

Çıxışının sonunda spiker Sahibə Qafarova möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayıb və bildirib ki, cənab İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Spikerin çıxışı alqışlarla qarşılanıb.

İclasda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra mövzu ilə bağlı Milli Məclisin deputatları çıxış ediblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədrin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Sadiq Qurbanov, Tahir Mirkişili, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev,  deputatlardan Kamilə Əliyeva, İsa Həbibbəyli, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Emin Hacıyev, Elşən Musayev, Səbinə Xasayeva, İqbal Məmmədov, Naqif Həmzəyev, Razi Nurullayev, Əli Məsimli, Vahid Əhmədov, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Müşfiq Məmmədli, Etibar Əliyev, Anar İsgəndərov, Əziz Ələkbərov, Ceyhun Məmmədov, Tahir Kərimli, Könül Nurullayeva, Vüqar İskəndərov, Aydın Hüseynov, Jalə Əliyeva, Vüqar Bayramov, Sahib Alıyev, Nəsib Məhəməliyev, Fəzail Ağamalı çıxış ediblər.

Bildirilib ki, bu il Milli Məclisdə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, Milli Qurtuluş gününün 30 illiyinə, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunmuş möhtəşəm iclaslar müasir parlamentarizm tariximizin ən şərəfli səhifələri olacaq.

Çıxışlarda Prezident İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq, dəfələrlə qalib gəlmiş dövlət başçısı olduğu vurğulanıb. Bildirilib ki, o, 20 il ərzində sabit, davamlı, artan reytinqi olan nadir şəxsiyyətdir. İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti olduğu vaxtlarda çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlər  xüsusi qeyd olunub.

Deputatlar Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi ilk gündən hər zaman verdiyi sözə sadiq qalaraq, Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini söyləyiblər. Səsləndirilən fikirlərdə ölkə başçısının öz xalqına bağlı olduğu, hər bir azərbaycanlının öz Prezidentinə inandığı, ona etibar etdiyi, güvəndiyi, öz liderinin dəstəyini hiss etdiyi və bundan qürur duyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin siyasi sistemin təkmilləşdirilməsi, demokratik təsisatların formalaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar nəticəsində ölkədə söz, fikir azadlığı, siyasi plüralizm kimi mühüm məsələlər təmin  olunub.

Millət vəkilləri 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz Zəfər salnaməsini yazdığını, habelə, bir günlük antiterror tədbirlərini uğurla başa çatdırdığını, bununla da bütün dünyaya öz gücünü nümayiş etdirdiyini söyləyiblər. Vurğulanıb ki, ölkə başçısı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətlə çalışaraq, 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail oldu. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.

Qeyd edilib ki, dövlət başçısının müəllifi olduğu layihələrin reallaşması nəticəsində Azərbaycan iqtisadi sahədə də böyük uğurlar qazanıb. Son illərdə Ümumi Daxili Məhsulun, büdcə gəlirlərinin dəfələrlə artdığı, regionda ən çox investisiya və texnologiya cəlb edən, iqtisadi müstəqilliyə nail olan ölkəmizin inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri olduğu söylənilib. Bildirilib ki, hazırda ölkənin bütün bölgələri dinamik inkişaf edir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm islahatlar aparılır, onun təşəbbüsü ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir.

Dövlət başçısı şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və qazilərə daim xüsusi qayğı ilə yanaşır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.

Ölkə başçısının elm və təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərdiyi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində böyük nailiyyətlər əldə edilib. Prezidentin bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə, milli mənəvi dəyərlərə sadiq, qlobal dünyanın müasir çağırışlarına cavab verə biləcək gənc nəslin formalaşdırılmasına, onların potensialından bütün sahələrdə istifadə edilməsinə xüsusi diqqət yetirdiyi söylənilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. İlham Əliyevin həyata keçirdiyi strategiya əsasında Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Bildirilib ki, Prezident İlham Əliyevin qlobal məsələlərin həllində nümayiş etdirdiyi qətiyyət onun dünyanın nüfuzlu siyasətçilərindən biri olduğunu göstərir. Onun apardığı siyasət sayəsində bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Qeyd olunub ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edib, ölkəmiz multikultural dəyərlərə önəm verən tolerant dövlət kimi dünyada tanınır.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha yüksək zirvələr fəth edəcəyi və davamlı uğurlara imza atacağı vurğulanıb.

Sonra iclasda Milli Məclisin deputatı Hikmət Məmmədov İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb və səsə qoyularaq qəbul edilib. (Bəyanatın mətni mediada dərc ediləcək.)

Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU