Parlament görüşləri

Tədbirlər
18 oktyabr 2023 | 17:11   
Paylaşın:        

Oktyabrın 18-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətini Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayan Aparat rəhbəri onun dəvətini qəbul edərək ölkəmizə səfərə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib. O, TBMM-in Baş katibini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

İki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla danışan Fərid Hacıyev bu münasibətlərin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini qeyd edib.

Fərid Hacıyev Türkiyənin Azərbaycana daim dəstək verdiyini vurğulayaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, sentyabr ayında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsi barədə fikirlərini bölüşüb.  

Aparat rəhbəri parlament aparatları arasında əlaqələrin inkişafının parlamentlər arasında daha sıx əməkdaşlığın qurulmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb, hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.  

İki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan Fərid Hacıyev parlamentlərin komitələri səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini Azərbaycana etdiyini və burada olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. Qonaq bildirib ki, Türkiyə və Azərbaycan ortaq dəyərlərə malik, eyni keçmişi və eyni gələcəyi paylaşan ölkələrdir. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin sevincini yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.

 

*****

Oktyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri  Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qonaqları salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, əlaqələrimizin gücləndirilməsində hər iki dövlət başçılarının müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Əhliman Əmiraslanov bildirib ki, ölkələrimizin parlamentləri səviyyəsində də möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. O, parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini söyləyib. Deputat parlament Aparatları arasında faydalı münasibətlərin qurulmasının təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs edib. O, həmçinin parlament nümayəndə heyətinin tərkibində Türkiyəyə səfərini, orada keçirilən səmimi  görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını yüksək qiymətləndirib, bu gün ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini və işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Eldar İbrahimov, Əminə Ağazadə, Fazil Mustafa ölkələrimiz və xalqlarımız arasında olan tarixi münasibətlər, dövlətlərimiz və parlamentlərimiz arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında tarixən sıx əlaqələrin olduğunu, ölkələrimiz arasında münasibətlərin durmadan möhkəmləndirildiyini qeyd edib. Qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsindən bəhs edən TBMM-in Baş katibi, parlament Aparatları arasında əməkdaşlığın da böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Dövlətlərimizin hər zaman bir-birini dəstəklədiyini deyən Talip Uzun Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin Türkiyə xalqı tərəfindən sevinc və qürur hissi ilə qarşılandığını söyləyib.

Söhbətdə parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, dostluq qruplarının əlaqələrinin intensivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı, Türkiyə nümayəndə heyətinin üzvləri Ömər Faruk Kılıçkaya, Çiğdem Gündüz, Mehmet Tekdoğan və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU