Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

Tədbirlər
18 oktyabr 2023 | 18:47   
Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul etməsinə qəti  etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Sözügedən sənədlərdə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır. 

Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilmişdir. Həmçinin, Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılmışdır. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU