Milli Məclisdə görüş
Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabər imkanları komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə komitə sədri, Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq ruhuna uyğun inkişaf etdiyini qeyd edib. Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurlar barədə danışıb, bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini, təşəbbüslərini xüsusi vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən qonaq, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdırıb.
O, qardaş ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığın xalqlarımızın birlik və həmrəyliyinin daha da güclənməsinə imkan yaratdığını söyləyib, qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin deputatları Jalə Əliyeva, Tamam Cəfərova, Türkiyə Böyük Millət Məclisinin deputatları Aliye Timisi Ersever, Ruken Kilerci və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi