Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Şuşaya səfər edib

Tədbirlər
19 oktyabr 2023 | 19:00   
Paylaşın:        

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.

Nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.

Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan  əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU