Milli Məclisin növbəti plenar iclası keçirilib

Plenar iclaslar
20 oktyabr 2023 | 17:25   
Paylaşın:        

Oktyabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda, əvvəlcə, cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Musa Qasımlı, Azər Badamov, Naqif Həmzəyev, Vüqar Bayramov, Azay Quliyev çıxış ediblər.

Millət vəkilləri bildiriblər ki, bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Deputatlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyini vurğulayıblar.

Çıxışlarda Azərbaycanın qələbəsini qəbul etməyən bəzi siyasi dairələrin olduğu,  AŞPA-da, Avropa Parlamentində, habelə, Niderland, İspaniya, Avstriya kimi ölkələrin parlamentlərində qərəzli qətnamə və tövsiyə sənədlərinin qəbul edildiyi təəssüf hissi ilə qeyd olunub. Bu dairələrin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətə uyğun olmayan, ədalətsiz mövqe nümayiş etdirdiyi bildirilib. Söylənilib ki, ölkəmiz tərəfindən lokal xarakterli antiterror tədbirləri, erməni əsilli mülki sakinlərin reinteqrasiyası ilə bağlı atılan addımların təhrif olunması qəbuledilməzdir.

Deputatlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolundan, ölkəmizin həyata keçirdiyi beynəlxalq infrastruktur layihələrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, ölkəmizə qarşı bəzi dairələrin nümayiş etdirdiyi qərəzli, ədalətsiz mövqeyə baxmayaraq, Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini uğurla davam etdirir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması buna bariz misaldır. Qeyd olunub ki, bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, “Böyük qayıdış” proqramı uğurla həyata keçirilir.

Millət vəkilləri çıxışlarında bir sıra digər aktual məsələlərə də toxunublar, habelə  seçiciləri narahat edən bəzi məqamları diqqətə çatdırıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini, ilk 9 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu diqqətə çatdırıb, məcəllənin 12 fəsil, 84 maddədən ibarət olduğunu deyib.

Tahir Mirkişili qeyd edib ki, sənədin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bazarda haqlı rəqabətin təmin olunması baxımından əhəmiyyətlidir. Komitə sədri bildirib ki, layihədə bir sıra yeniliklərin əsası qoyulub. Belə ki, yeni çağırışlara uyğunlaşmaq məqsədi ilə sənədə nou-hau, mühüm əhəmiyyətli resurs, müvafiq bazar, rəqabət aparmamaq öhdəliyi, eksklüziv və selektiv təchizat sistemləri, uyğunlaşdırılmış hərəkətlər, şaquli və üfüqi sazişlər, bazar payının 50 faizini keçən hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar daxil edilib. Qanun layihəsində rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə görə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər öz əksini tapıb.

Komitə sədri ötən müzakirələrdən sonra məsələ ilə bağlı komitəyə bir çox təklif, rəy və şərhlərin daxil olduğunu, həmin təkliflərin geniş müzakirə olunduqdan sonra bəzilərinin məqbul hesab edildiyini və onların qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma ərəfəsində olduğunu söyləyib.

Qeyd edilib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə üç qanunun – “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunların ləğv edilməsi nəzərdə tutulub.

Bildirilib ki, təqdim edilən Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyatının inkişafına, haqlı rəqabətin təmin edilməsinə, sahibkarların mənafelərinin qorunmasına, dövlət-sahibkar etimad mühitinin güclənməsinə xidmət edəcək.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.

İclasda iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışlarda səslənən fikirlərə münasibət bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı layihəyə müsbət münasibətin bildirildiyini söyləyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsini "Dövlət qulluğu haqqında" Qanunda təsnifləşdirməklə həmin vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələri üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Komitə sədri Siyavuş Novruzov bəzi fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Birinci vitse-spiker Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) də təqdim edib.

O, bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.

Məsələ ilə bağlı deputat Vüqar Bayramov bəzi qeydlərini açıqlayıb.

Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və məzmunca bir-birinə yaxın olduğunu diqqətə çatdırıb.

Spiker bu məsələlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinin olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə həmin məsələləri təqdim edib. O, qanun layihələri barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, ötən dövr ərzində komitəyə hər hansı rəy və təklifin daxil olmadığını söyləyib, sənədlərin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Müzakirələrdə deputat Fazil Mustafa təqdim edilən məsələlər barədə fikirlərini açıqlayıb.

Millət vəkili Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra, 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, sənədin dəqiqləşdirmə xarakteri daşıdığını, müzakirələr zamanı sual doğuran heç bir məsələnin olmadığını, konkret maddələrlə bağlı hər hansı təklifin irəli sürülmədiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 3 məsələsinin birinci oxunuşda  qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu söyləyib.

Komitə sədri dövlət ehtiyatlarının formalaşması və onların idarə edilməsinin vacibliyini qeyd edərək, ölkə Prezidentinin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradıldığını bildirib. O, Agentliyin dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqan olduğunu deyib. Strateji əhəmiyyət kəsb edən bu sahənin tənzimlənməsində hüquqi bazanın kifayət qədər inkişaf etdirilmədiyini və bunu nəzərə alaraq yeni qanunun hazırlandığını söyləyib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi 4 fəsil, 14 maddədən ibarətdir. Layihə dövlət ehtiyatlarının təyinatını, hüquqi statusunu, sistemini, dövlət ehtiyatında olan malların tədarükünü, yerləşdirilməsini, saxlanılmasını və buraxılmasını, habelə nəzarət və hesabatlılıq mexanizmlərini özündə ehtiva edir.

Bildirilib ki, sənəddə dövlət ehtiyatları strateji, fövqəladə və səfərbərlik ehtiyatları şəklində müəyyən edilib, onların hər birinin formalaşdırılması və idarə edilməsi mexanizmləri təsbit edilib. İlk dəfə olaraq, dövlət ehtiyatlarının formalaşdırılmasında və idarə edilməsində dövlət-özəl sektor əməkdaşlığı öz əksini tapıb.

Qanun layihəsində strateji əhəmiyyətli mallar və dövlət ehtiyatlarının nomenklaturası, dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri, dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti barədə müddəalar yer alıb. Layihədə, habelə dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi, dövlət ehtiyatları üçün malların tədarükü, dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması, dövlət ehtiyatlarına aid olan malların buraxılması və onların uçotu, bu sahədə hesabatlılıq və nəzarət məsələləri müəyyən edilir.

Qeyd olunub ki, layihənin hazırlanmasında əsas məqsəd ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin qurulması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, daxili bazarın qısa müddətli mənfi təsirlərə davamlılığının artırılması, habelə dövlət ehtiyatlarının yaradılması, saxlanılması və idarə edilməsi sahəsində hüquqi, iqtisadi əsasları müəyyən etməkdir.

Parlamentin komissiya sədri Eldar Quliyev, deputatlar Etibar Əliyev, Vüqar İskəndərov, Aydın Hüseynov, Fəzail Ağamalı layihə barədə fikirlərini, qeyd və təkliflərini söyləyiblər.

Komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini  (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, qeyd olunan qanunlara təklif edilən dəyişikliklər "Dövlət ehtiyatları haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Sənəddə "Dövlət ehtiyatları haqqında" Qanunla tənzimlənən məsələlər layihədə adı çəkilən qanunlardan çıxarılır, habelə bir sıra terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.

Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu deyib.

Komitə sədri parlamentin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə cari il sentyabrın 14-də bir qrup deputatın Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə səfər etdiyini, aviasiya sənayesinin inkişafının vacibliyi, bu sahədə AZAL-ın gələcək planları, sərnişinlərin təhlükəsiz və rahat uçuş şəraiti, bilet qiymətlərinin formalaşması və digər mövzular ətrafında geniş müzakirələrin aparıldığını bildirib.

O, hazırda 2005-ci ildə qəbul edilən “Aviasiya haqqında” qanunun qüvvədə olduğunu qeyd edib. Keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib.

Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Qanun Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə məxsus hava gəmilərinin Azərbaycanın hava məkanında uçuş əməliyyatlarının həyata keçirməsi zamanı  yaranan münasibətləri tənzimləyir və  bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasında aviasiya - mülki, dövlət və eksperimental aviasiyaya bölünür. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir. Qeyd olunur ki, aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir.  

Layihədə uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək, hava hərəkətinə xidmət göstərilməsini, aviasiyada telekommunikasiya və informasiya xidmətini təmin etmək, hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq, aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq və bir sıra digər məsələlərin həlli aviasiya sahəsində dövlətin vəzifələri kimi təsbit olunur.

Sənəddə aviasiya sahəsində fəaliyyətə dair ümumi və xüsusi tələblər, mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu,  aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər, hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı müddəalar öz əksini tapıb.

Komitə sədrləri Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Tahir Kərimli, Məlahət İbrahimqızı sənəd barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU