Bakıda keçirilən neokolonializmə həsr olunmuş konfrans iştirakçıları Milli Məclisdə olublar
Oktyabrın 21-də Milli Məclisin bir qrup deputatı ilə Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qismi arasında görüş olub.
Qonaqları salamlayan Milli Məclisin deputatı Tural Gəncəliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə dünən Bakıda keçirilmiş bu konfransın əhəmiyyətini vurğulayıb, onun dünyada hələ də bəzi ölkələr tərəfindən davam etdirilən müstəmləkəçilik siyasətinin qarşısının alınmasına verə biləcəyi töhfələrdən danışıb. Bildirilib ki, BMT tərəfindən neokolonializm qadağan edilsə də, Fransa bu gün hələ də bu siyasəti davam etdirir və bir sıra ölkələr Fransanın bu siyasətindən əziyyət çəkirlər. Tural Gəncəliyev qeyd edib ki, bu gün Fransa Cənubi Qafqazda da neokolonializm siyasətini həyata keçirməyə çalışır.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində toxunduğu mühüm məqamlar barədə danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyətinə və kolonializmlə mübarizəyə dair fikirlərini bölüşüb.
Görüşdə Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Uanabo, Yeni Kaledoniya parlamentinin üzvü Mariya Line Sakilya Fransanın onların ölkələrinə qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasəti, bu ölkənin onların təbii sərvətlərini talan etməsi, vətəndaşların öz ölkələrini tərk etməyə məcbur qalması, Fransanın keçirdiyi saxta referendumlar və digər məsələlər barədə fikirlərini bildiriblər. Qonaqlar Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Milli Məclisin deputatları Cavanşır Feyziyev, Azər Kərimli çıxış edərək bildiriblər ki, BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Ümumbəşəri xarakterə malik olan həmin sənədə əsasən, heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd edildiyi müasir dövrdə Fransanın hələ də müstəmləkə siyasəti ilə məşğul olması hiddət doğurur. Deputatlar Bakıda keçirilən beynəlxalq konfransda kolonializmlə bağlı mübarizədə səslənən fikirlərin BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qaldırılacağına inamlarını ifadə ediblər.
Görüşdə Milli Məclisin deputatları Kamal Cəfərov, Şahin İsmayılov, Müşfiq Cəfərov, konfrans iştirakçılarının bir qrupu və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi