İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Oktyabrın 23-də Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitə sədri Tahir Mirkişili iclası açaraq bildirib ki, gündəliyə ikinci oxunuşda olan üç qanun layihəsi daxil edilib. Gündəliyin ilk iki məsələsinin yeni qanun layihələri olduğunu deyən komitə sədri sənədlərin birinci oxunuşunda həm komitədə, həm də plenar iclasda ətraflı məlumat verildiyini və müzakirələrdə layihələrlə bağlı bir sıra təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.
Birinci məsələ olan və 6 fəsil, 27 maddədən ibarət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən komitə sədri sənədə dair komitəyə daxil olan təkliflərdən danışıb, maddi və qeyri-maddi nemətlərin qiymətləndirilməsi, yaradılacaq Qiymətləndiricilər Palatasına seçkilərin, Rəyasət Heyəti sədrinin seçkisinin keçirilməsi kimi məsələlərə münasibətini bildirib, qiymətləndirmə fəaliyyətində obyektivliyin və ədalətliliyin qorunması ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsinin birinci oxunuşda müzakirəsində daxil olan təkliflər barədə ayrı-ayrılıqda məlumat verib, təkliflərlə bağlı aparılan işlərdən danışıb.
Gündəliyin ikinci məsələsi olan “Aviasiya haqqında” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edərkən komitə sədri bildirib ki, 15 fəsil, 68 maddədən ibarət layihə Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir. Komitə sədri layihədə aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə tənzimləmələrin əhəmiyyətini vurğulayaraq sənəddə pilotsuz uçuş aparatlarından (PUA-lar) istifadənin nizamlanmasından danışıb.
Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev çıxış ediblər, sənədlər haqqında fikirlərini, qeydlərini bildiriblər.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanan “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Komitə sədri layihə ilə bağlı deputatların təklifləri barədə məlumat verib və onların qanunverici subyektlə razılaşdırma mərhələsində olduğunu bildirib.
Sənədlə bağlı deputat İqbal Məmmədovun, Əli Məsimlinin, Ziyad Səmədzadənin fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Cari məsələlərdə komitə sədri Tahir Mirkişili ölkəmizin bədxahları tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli və ədalətsiz mövqe barədə danışıb, öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın şanlı qələbəsini həzm edə bilməyən qüvvələrin bizə qarşı əsassız bəyanatlar səsləndirməsi, qarayaxma kampaniyalarına əl atması haqqında fikirlərini bölüşüb. Komitə üzvləri Azərbaycanın haqq səsinin, bölgədə baş verən proseslərin, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası ilə bağlı görülən işlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması barədə fikir mübadiləsi aparıblar.
İclasda deputatlar Mahir Abbaszadə, Aydın Hüseynov, Rüfət Quliyev, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi