Milli Məclisdə Qırğızıstan Hesablama Palatasının nümayəndə heyəti ilə görüş olub
Oktyabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitə üzvləri ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Hesablama Palatasının sədri Almazbek Akmatovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən Tahir Mirkişili onlara Azərbaycanın iqtisadi göstəriciləri, Milli Məclisdə büdcə müzakirələrinin keçirilməsi prosesi, parlamentin büdcəyə nəzarəti, Hesablama Palatasının rolu, ölkəmizin öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri, bu məqsədlə büdcədən ayrılan vəsaitlər və həyata keçirilən dövlət proqramları, Ermənistan tərəfindən basdırılmış minaların yaratdığı təhlükələr barədə fikirlərini bölüşüb.
Ölkəmizə səfərindən razılıqla danışan Qırğızıstan Respublikası Hesablama Palatasının sədri Almazbek Akmatov türkdilli ölkələr arasında əməkdaşlıq, Qırğızıstan və Azərbaycanın Hesablama Palataları arasında təcrübə mübadiləsi, Qırğızıstanın həyata keçirdiyi iqtisadi layihələr, dövlət büdcəsinin gəlir və xərcləri barədə Milli Məclisin deputatlarına məlumat verib, onları maraqlandıran suallara aydınlıq gətirib.
Söhbət zamanı parlamentlərlə Hesablama Palataları arasında qarşılıqlı əlaqələr, iki ölkənin Hesablama Palatalarının qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Əli Məsimli, Aydın Hüseynov, Mahir Abbaszadə, Vüqar Bayramov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qırğızıstan Respublikası Hesablama Palatasının əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi